AVROPA HAVA LİMANLARINDA YENİ TƏHLÜKƏSİZLİK QAYDALARI TƏTBİQ OLUNUR
Xatırladaq ki, noyabrın 6-da qüvvəyə minən yeni qaydalara əsasən, əl çantalarında 100 millilitrdən artıq olmayaraq maye, gel və sprey aparmaq olar. Bu əşyalar bir yerdə şəffaf plastik paketdə qablaşdırılmalı və ümumi çəkisi 1 litrdən artıq olmamalıdır. Hər sərnişinə yalnız bir belə paket götürməyə icazə verilir. Yalnız uşaq qidaları (əgər uşaq təyyarədə uçursa), tibbi göstəriş əsasında sərnişinə uçuş zamanı zəruri olan pəhriz yeməkləri və dərmanlar istisna təşkil edir. Sərnişin dərman və pəhriz məhsullarını özü ilə aparmaq üçün həkim reseptini və bu məhsulların alınmasını təsdiqləyən qəbz təqdim etməlidir.
Noutbuklar, mobil telefonlar, mp3 pleyerləri, rəqəmsal kameralar, habelə üst geyimləri nəzarət məntəqəsində işıqla yoxlanılacaqdır. Avropa hava limanlarındakı mağazalarda və ya Avropa İttifaqına məxsus təyyarələrdə alınan mayelər, spreylər və gellər sərnişinlərə ağzıbağlı paketdə təqdim olunacaqdır. Bu tələblərə cavab verməyən əşyaların təyyarə ilə daşınmasına icazə verilməyəcəkdir.