AZƏRTAC-ın xüsusi müxbiri Brüsseldən yayımlanan rəsmi məlumata istinadla xəbər verir ki, noyabrın 8-də Avropa Komissiyası Türkiyənin Avropa Birliyinə daxil olması üçün AB-nin nəzərdə tutduğu şərtlərə əməl etməsinin kəmiyyət və keyfiyyət səviyyəsi barədə hesabatı təqdim etmişdir. Avropa Komissiyasının tənqidlə dolu hesabatında bildirilir ki, Türkiyə nəzərdə tutulan şərtləri yerinə yetirməmiş, xüsusilə ölkə qanunvericiliyində vətəndaş və azlıqların hüquqlarının Avropa Birliyi standartlarına uyğunlaşdırılması barədə öhdəliklərinə hələ də əməl etməmişdir. Hesabatda mətbuat azadlığı, qadınların demokratik cəmiyyətdə mövqeyi, dini azlıqların hüquqlarının bərqərar olması kimi məsələlərin çatışmazlıqlarla həyata keçirilməsi, Cinayət Məcəlləsindəki “Türk millətinin təhqir olunmasına görə...” maddəsinin Avropa demokratiyasına və Avropa Birliyi standartlarına tamamilə zidd olduğu xüsusilə irad tutulmuşdur.
Avropa Komissiyası həm də növbəti dəfə təkidlə nəzərə çatdırmışdır ki, Türkiyə Kipr Respublikasının müstəqilliyini tanımalı, özünün hava və dəniz limanlarını Avropa Birliyinin üzvü olan Kipr Respublikası üçün açmalıdır. Kipr Respublikasının müstəqilliyini tanımamaq Türkiyənin Avropa Birliyinə daxil olması qarşısında əsas maneə olaraq qalacaqdır.
Hesabatda bildirilir ki, bu məsələ AB-yə üzv ölkələrin dövlət başçılarının dekabrın 14-15-də keçiriləcək zirvə toplantısında diqqət mərkəzində olacaqdır. Rəsmi Ankara sammitin başlanmasına qalan bir ay müddətində Kipr probleminə dair son qərarını bildirməlidir.