AVROPA ÖZ OLİMPİADASINI KEÇİRMƏK NİYYƏTİNDƏDİR
Bakı, 17 dekabr (AZƏRTAC). Avropa Olimpiya Komitəsinin (EOC) prezidenti, təşkilatın Baş Assambleyasının Lissabonda keçirilmiş iclasında növbəti dörd illik müddətə yenidən həmin vəzifəyə seçilmiş Patrik Hikki elan etmişdir ki, 2013-cü ilədək qitə miqyaslı yeni yarışlar - Avropa oyunları təsis ediləcəkdir.
Mini-olimpiadalar adlana biləcək bu yarışlar indiyədək, demək olar ki, bütün qitələrdə, Asiyada (Asiada), Afrikada (Ümumafrika oyunları), Şimali və Cənubi Amerikada (Panamerika) keçirilir. Bu mənada Avropa indiyədək kənarda qalırdı. İndi EOC prezidenti Patrik Hikkinin tapşırığı ilə növbəti dörd ildə EOC İcraiyyə Komitəsinin əsas vəzifəsi Avropa oyunlarının təsis edilməsi məsələsini hərtərəfli işləyib hazırlamaqdan ibarət olacaqdır.
Hikkinin sözlərinə görə, Avropada da belə yarışların keçirilməsi üçün hər cür əsas vardır. Əvvələn, bunun üçün belə oyunların çoxdan təşkil edildiyi başqa qitələrin uğurlu təcrübəsindən istifadə etmək mümkündür. İkincisi, Avropada Olimpiya oyunlarına ev sahibliyi etmək üçün iddiaçı şəhərlər çoxdur. Nəhayət, bu qitədəki şəhərlərin təşkilati imkanları obyektiv baxımdan Olimpiada səviyyəsində olmasa da, qitə miqyaslı kompleks yarışların keçirilməsi üçün tamamilə müvafiqdir.
Avropa Oyunlarının təsis edilməsi barədə təşəbbüs demək olar ki, bütün beynəlxalq federasiyalar arasında böyük marağa səbəb olmuşdur. EOC İcraiyyə Komitəsi bu yarışların keçirilməsi prinsiplərini 2013-cü ilədək işləyib hazırlayacaqdır. Əgər bu proses daha tez başa çatarsa, onda ilk Avropa oyunları, nəzəri cəhətdən, artıq 2013-cü ildə təşkil edilə bilər.
Nəzəri baxımdan bu variant çox münasibdir, çünki bundan bir il əvvəl yay Olimpiya oyunları Londonda keçiriləcəkdir.