AVROPANIN GƏLƏCƏYİ BU MƏKANA DAXİL OLMAQ İSTƏYƏN ÖLKƏLƏRDƏ GEDƏN DEMOKRATİKLƏŞMƏ PROSESLƏRİNDƏN ASILIDIR
Ölkəmizdə səfərdə olan Keçid dövrü demokratiyaları layihəsinin rəhbəri, ABŞ-ın NATO Komitəsinin həmsədri Brüs Cekson Qərb Universitetində tələbələr qarşısında “Azərbaycanın Avropada yeri” mövzusunda mühazirə oxumuşdur.
Universitetin rektor əvəzi filologiya elmləri namizədi Jalə Qəribova demişdir ki, Brüs Cekson siyasi və təhlükəsizlik problemlərinin həlli üzrə bir sıra layihələrin müəllifidir. O, ABŞ Silahlı Qüvvələrinin kəşfiyyat və hərbi əməliyyatları üzrə layihələrin hazırlanmasında iştirak etmişdir. Hazırda ABŞ-ın Respublikaçılar Partiyasının xarici siyasət üzrə layihəsinin müəllifidir.
Qonaq çıxışında Avropada son 5 ildə həyata keçiriləcək layihələrdən, eləcə də Azərbaycanın Avropa məkanındakı yerindən danışmışdır. Demişdir ki, son dövrlərdə Avropanın gələcəyi barədə müxtəlif fikirlər səslənir. Bu da bəzi ölkələrin Avropaya inteqrasiyası ilə bağlıdır. Hazırda Qafqaz ölkələri, Türkiyə və Ukrayna Avropaya inteqrasiya etmək niyyətindədir. Bu bütövlükdə 175 milyon adamın inteqrasiyası deməkdir. Avropaya inteqrasiya etmək istəyən ölkələr ilk növbədə bunun üçün hüquqi baza yaratmalı, insan hüquqlarının müdafiəsi sahəsində müəyyən işlər görməlidirlər. Azərbaycanda hər iki sahədə müəyyən işlər görülür. Ümid etmək olar ki, Azərbaycanda gedən demokratikləşmə prosesi nəticə etibarı ilə bu ölkənin Avropa məkanına daxil olmasına tam şərait yaradacaqdır. Avropa məkanına daxil olan ölkələrin hamısında sadalanan keyfiyyətlər olmalıdır. Ona görə ki, Avropanın gələcəyi məhz ölkələrin demokratikləşməsindən asılıdır.
Məruzəsinin sonunda Brüs Cekson jurnalistləri maraqlandıran suallara cavab vermişdir.