QAN YADDAŞI
Avstraliyada Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır
Bakı, 19 yanvar (AZƏRTAC). Avstraliya-Azərbaycan-Türk Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Sidneydə 20 Yanvar faciəsinin 23-cü ildönüm ilə bağlı tədbir keçirilmişdir.
Cəmiyyətdən AZƏRTAC-a bildirmişlər ki, müxtəlif türkdilli xalqların və yerli müsəlman icmasının nümayəndələrinin, ümumilikdə 3 min 500-dək nəfərin iştirak etdiyi tədbirdə qurumun prezidenti İmamməddin Qasımov 20 Yanvar hadisələri barədə ətraflı məlumat verilmişdir.
Bundan başqa, Sidneydə fəaliyyət göstərən “Azərbaycanın səsi” radio proqramının rəhbəri Gülzar Qasımovanın təqdimatında 20 Yanvar faciəsinə həsr olunmuş xüsusi veriliş yayımlanmışdır.
Verilişdə keçmiş Sovet İttifaqının dağılmasının son illərində Azərbaycanda cərəyan edən proseslər, milli azadlıq hərəkatı, xalqın azadlıq və müstəqillik uğrunda mübarizəsinin dayandırılması üçün törədilmiş 20 Yanvar faciəsi barədə məlumat verilmiş, fikir mübadiləsi aparılmışdır. Bildirilmişdir ki, azadlıq, müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan dinc əhaliyə divan tutulmuş və günahsız insanlar qətlə yetirilmişdir. Bu da totalitar sovet rejimimin cinayətkar niyyətini bir daha dünyaya nümayiş etdirmişdir.