Avstriya Azərbaycan ilə İKT sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır
Bakı, 26 iyun, Xatirə Cəfərova, AZƏRTAC
Avstriya Azərbaycan ilə informasiya-kommunikasıya texnologiyaları (İKT) sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır. “Yüksək Texnologiyalar Parkı” İKT sahəsində ikitərəfli əməkdaşlığı dəstəkləyən vacib platformadır.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Avstriyada iqtisadi artımın 28 faizi birbaşa İKT ilə bağlıdır. Bu sektorda fəaliyyət göstərən 14 mindən çox şirkət ümumi daxili məhsulun təxminən 8 faizini təşkil edir. Avstriyanın Nəqliyyat, İnnovasiya və Texnologiya Federal Nazirliyi İKT sektorunda bir sıra təşəbbüslər həyata keçirib. Hazırda bu ölkənin İKT sahəsində rəqabətə davamlı olması üçün fəaliyyət planı üzərində iş aparılır.
Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Avstriyanın Nəqliyyat, İnnovasiya və Texnologiya Federal Nazirliyi arasında imzalanan müvafiq Anlaşma Memorandumu ikitərəfli əməkdaşlığın qurulmasında mühüm şərtdir. Hazırda Avstriya ilə birgə layihələrin həyata keçirilməsi, yeni texnologiyaların tətbiqi planlaşdırılır. Bundan əlavə, Avstriya tərəfindən “Elektron hökumət”, eləcə də “e-təhsil” və “e-təlimlər” istiqamətində təkliflər təqdim olunub. Bu sahələrdə əməkdaşlıq üçün kifayət qədər potensial var.