Avtomobil Yolları Dövlət Agentliyində qanvermə aksiyası keçirilib VİDEO
Bakı, 19 fevral, AZƏRTAC
22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı münasibətilə ənənəvi qanvermə aksiyası baş tutub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, qanvermə aksiyası Prezident İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramı, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramına dəstək məqsədilə keçirilib. Artıq 5-ci dəfə keçirilən aksiyada Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyəti, agentliyin aparatının və Bakı şəhərində yerləşən tabeli təşkilatların əməkdaşları könüllü iştirak edərək qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün bu nəcib və humanist xarakterli aksiyaya qoşulublar. Məqsəd hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən insanlara, xüsusən də uşaqlara yardım etmək və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdır.
Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunub. Onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.
Aksiyaya qoşulanlar qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin xeyirxah və savab iş olduğunu vurğulayıblar. Onlar belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu bildiriblər.
Hazırda Azərbaycanda 2 mindən çox talassemiya və digər irsi qan xəstəliyinə məruz qalmış pasiyentlər mövcuddur və onların həyatı kütləvi qanvermə aksiyalarından asılıdır.