Avtomobillə piyadanı vuraraq hadisə yerindən yayınan sürücü saxlanılıb
Bakı, 29 yanvar, AZƏRTAC
Yanvarın 28-də Şəki şəhər sakini B.Allahverdiyevin xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə Şəki Şəhər Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətlə əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Araşdırmalarla Baş Göynük kənd sakini olan şəxsin kənddə yolu keçərkən avtomobillə vurulduğu müəyyənləşdirilib.
Yol qəzasının “VAZ-2106” markalı avtomobillə törədildiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə qısa müddətdə müəyyən edilib. Hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsini idarə edən şəhər sakini R.Zeynalov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırmalar aparılır.