AVTONƏQLİYYAT VASİTƏLƏRİNƏ TEXNİKİ BAXIŞ XEYLİ ASANLAŞACAQ
Bu yaxınlarda Azərbaycan Respublikası DİN-in Dövlət Yol Polisi İdarəsində yeni kompüter avadanlığı qoyulmuşdur. Almaniyada İstehsal edilən bu avadanlıq minik və yük avtomobillərinə texniki baxış keçirmək üçün nəzərdə tutulmuşdur.
İdarənin diaqnostika şöbəsinin məlumatına görə, müasir dünya standartlarına cavab verən yeni avadanlıq sayəsində indi beş xətdə nəqliyyat vasitələrinə texniki baxış keçirmək mümkün olacaqdır. Kompüter sistemi bir neçə mümkün parametr üzrə avtomobilin diaqnozunu müəyyən etməyə imkan yaradır. Bundan sonra avtonəqliyyat vasitəsinin sahibinə, maşının, necə deyərlər, “kardioqramı” verilir və nasazlıqlar aşkara çıxarılarsa, bunları profilaktoriyada asanlıqla və tez axtarıb tapmaq və aradan qaldırmaq olar.
Həm mənəvi, həm də fiziki cəhətdən köhnəlmiş əvvəlki avadanlığın imkanı az idi və nəticədə texniki baxış keçirilərkən növbə əmələ gəlirdi. Bundan başqa, texniki baxışın nəticələri heç də həmişə dəqiq olmurdu.
Onu da əlavə edək ki, Dövlət Yol Polisi İdarəsində avtonəqliyyat sahibləri üçün hər cür rahatlıq yaradılmışdır. Burada avtomobili qeydə aldırmaq və sığorta etdirmək, bağışlama sənədlərini və etibarnamələri notarial qaydada təsdiqlətdirmək mümkündür.
Hazırda ölkəmizdə, yük avtonəqliyyat vasitələri də daxil olmaqla, 450 min avtomobil var. Onlardan 120 min minik avtomobili paytaxt sakinlərinə məxsusdur. Avtomobillərin ümumi sayının 17-18 faizini xarici markalı maşınlar təşkil edir.