AYİB-AZƏRBAYCAN ƏLAQƏLƏRİ GENİŞLƏNİR
AZƏRTAC xəbər verir ki, iqtisadi inkişaf naziri Heydər Babayev Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) maliyyə institutları üzrə Biznes Qrupunun direktoru Kurt Qayger ilə görüşmüşdür.
Heydər Babayev Azərbaycanda beynəlxalq maliyyə qurumları, o cümlədən AYİB ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verildiyini bildirmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan AYİB-dən kredit alan ölkələr sırasındadır. Beynəlxalq maliyyə qurumlarından alınan kreditin adambaşına düşən məbləğinə görə AYİB ilk yerlərdən birini tutur. Bankın maliyyə dəstəyi ilə həm dövlət, həm də özəl sektorda bir sıra layihələr uğurla həyata keçirilir. AYİB ilə əməkdaşlığın hər iki tərəf üçün faydalı olduğunu vurğulayan nazir, bu əlaqələrin daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirmişdir.
Kurt Qayger Azərbaycanda aparılan iqtisadi islahatların və əldə olunan uğurların təmsil etdiyi bankın diqqət mərkəzində olduğunu vurğulamış, ölkəmizdə bir sıra sahələrin, o cümlədən maliyyə sektorunun inkişafından məmnunluğunu bildirmişdir. Bank rəsmisi AYİB-in Azərbaycanın maliyyə sektorunda bir sıra layihələr həyata keçirməyi planlaşdırdığını qeyd etmişdir. Bakıya səfəri çərçivəsində Milli Bankın rəhbərliyi ilə görüşdüyünü xatırladan qonaq Azərbaycanda biznes mühiti, bank və sığorta sektorunun fəaliyyəti ilə də maraqlanmışdır.
Heydər Babayev 2008-ci ilin yanvarından Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq, sahibkarlıq subyektlərinin qeydiyyatında “vahid pəncərə” prinsipinin tətbiq edildiyini, bu addımın ölkədə sahibkarlıq fəaliyyətinin genişlənməsində, biznes mühitinin daha da yaxşılaşmasında xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırmışdır. Nazir məlumat vermişdir ki, sahibkarlığın inkişafı ilə bağlı 2008-2013-cü illəri əhatə edəcək yeni Dövlət Proqramının yaxın vaxtlarda təsdiq olunacağı gözlənilir. Əmək Məcəlləsinə müvafiq dəyişikliklərin edilməsi, tikinti məqsədləri üçün torpaq sahələrinin ayrılmasında “vahid pəncərə” sisteminin tətbiqi də nəzərdə tutulur. Bütün bu tədbirlər isə işgüzar mühitin daha da yaxşılaşmasına təkan verəcəkdir. Nazir bu sahədə görülən işlər nəticəsində növbəti Doing Business hesabatında Azərbaycanın daha yaxşı mövqedə olacağına əminliyini vurğulamışdır.
Qeyri-neft sektorunda bank fəaliyyətinin inkişaf etmiş sahələrdən olduğuna diqqəti cəlb edən Heydər Babayev banklarda dövlət payının azaldılması, kadr potensialının gücləndirilməsi və s. istiqamətlərdə tədbirlər həyata keçirildiyini də bildirmişdir. O demişdir ki, sığorta sahəsində təkmil qanunverici baza mövcuddur və bu sahə geniş inkişaf perspektivinə malikdir. AYİB ilə əməkdaşlıq sığorta bazarının inkişafında da əhəmiyyətli ola bilər.
Qarşılıqlı maraq doğuran digər məsələlərin də müzakirə olunduğu görüşdə AYİB Bakı ofisinin rəhbəri Frensis Delay iştirak etmişdir.
######
![]()
