Azərbaycan – Meksika ədəbi əlaqələri müzakirə edilib
Bakı, 19 fevral, AZƏRTAC
Meksikanın ölkəmizdəki səfiri Xuan Rodriqo Labardini Flores fevralın 19-da Azərbaycan Dövlət Tərcümə Mərkəzində olub.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan - Meksika ədəbi əlaqələri, mərkəzin Meksika ədəbiyyatı üzrə ərsəyə gətirdiyi nəşrlər, eləcə də Azərbaycan ədəbiyyatının Latın Amerikası ölkələrində tanıdılması və yayımı məsələləri barədə danışılıb. Tanınmış Meksika yazıçısı Xuan Rulfonun mərkəz tərəfindən Azərbaycan dilinə tərcümə olunaraq, 2014-cü ildə nəşr edilmiş “Pedro Paramo” romanının oxucu marağı nəzərə alınaraq, yenidən təkrar nəşrə hazırlandığı, eləcə də əsərləri Azərbaycan dilinə tərcümə edilərək, “Xəzər” jurnalında dərc edilmiş görkəmli Meksika nasiri Karlos Fuentesin “Aura” və “Artemio Krusun ölümü” romanlarının daxil edildiyi kitabın çap prosesi ərəfəsində olduğu bildirilib.
Sonda Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsində ingilis və rus dilində nəşr edilmiş “Through Their Eyes: Witnesses to Khojaly Massacre” ( Xocalı şahidləri danışır ) kitabı qonağa hədiyyə edilib.
Afaq Məsud: “Bu kitab bəşər tarixinin ən qatı cinayətindən - amansızlıqla qətlə yetirilmiş yüzlərlə günahsız, dinc insanın - qadın və qocaların, uşaqların acı taleyindən, başlarına gətirilən müsibətlərdən bəhs edir. Bu, təkcə azərbaycanlılara qarşı yox, bütün insanlığa qarşı törədilən bağışlanmaz insan qətliamıdır və düşünürəm, beynəlxalq ictimaiyyət bu faciəyə biganə qalmamalı, öz haqq səsini ucaltmalıdır”.