İDMAN
Azərbaycan Afrika ölkələrində badmintonun inkişafı üçün dəstəyini davam etdirir
Bakı, 23 noyabr, AZƏRTAC
Azərbaycan Badminton Federasiyasının (ABF) baş katibi Ramil Hacıyev Botsvanada yerli badminton qurumunun təşkilatçılığı ilə keçirilən tədbirdə fəxri qonaq qismində iştirak edib.
ABF-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbir dünyada bu idman növündə öncüllərdən olan Yaponiyanın bu ölkədə fəaliyyət göstərən səfirliyinin Botsvana Badminton Assosiasiyasına badminton avadanlığı hədiyyə etməsi çərçivəsində baş tutub.
Ramil Hacıyev bildirib ki, ötən il ABF-nin prezidenti Taleh Ziyadovla Dünya Badminton Federasiyasının rəhbəri Poul-Erik Hoyer arasında Afrikanın 5 ölkəsində badmintonun inkişafına dəstək məqsədilə əməkdaşlıq memorandumu imzalanıb. Razılaşmaya əsasən, ABF Niger, Qambiya, Kamerun, Madaqaskar və Botsvanada idmanın bu növünün inkişafına töhfə verir. R.Hacıyev sosial məsuliyyət çərçivəsində keçirilən bu cür xeyirxah aksiyaları gözəl təşəbbüs adlandıraraq, səbəbkarlara təşəkkür edib. Botsvananın idman və incəsənət naziri Yakob Kelebenq və yerli Badminton Federasiyasının prezidenti Modisaotsile Badubi ilə aparılan qarşılıqlı müzakirələrdə qarşıdakı illərdə də bu ölkədə badmintonun inkişafına yardım məqsədilə uşaq bamdintonçuların raketka, volan və digər idman avandanlıqları ilə təmin olunmasının zəruriliyi vurğulanıb. Buraya, eyni zamanda birgə təlim-məşq toplanışlarının təşkili də daxildir.
Qeyd edək ki, Kamerun milli komandasının 4 badmintonçusu bir aya yaxındır Azərbaycan idmançıları ilə birgə Bakıda təlim-məşq toplanışındadır.