Azərbaycan alimi “Mədəniyyətlərin dialoqu üçün Aytmatov qiraətləri” forumunda iştirak edib
Moskva, 30 noyabr, AZƏRTAC
Moskvada yazıçıların və ziyalıların “Mədəniyyətlərin dialoqu üçün Aytmatov qiraətləri” mövzusunda İkinci beynəlxalq forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, “Rusiya-İslam dünyası” Strateji Baxış Qrupu tərəfindən təşkil edilmiş forumun işində dünyanın 20 ölkəsindən məşhur yazıçılar və ziyalılar iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının professoru, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbəri Fuad Məmmədov Forumda “Humanitar təhlükəsizliyin düsturu” mövzusunda elmi məruzə ilə çıxış edib.
Mədəniyyətlərin dialoqunun və sivilizasiyaların əməkdaşlığının effektivliyinin sistemli kulturoloji təhlilinə əsaslanan bu məruzədə beynəlxalq dialoqu, qarşılıqlı anlaşmanı, etimadı və humanitar əməkdaşlığı daha da inkişaf etdirmək üçün yeni imkanlar açıqlanır.
Forum çərçivəsində Azərbaycanın Xalq rəssamı Əşrəf Heybətovun əsərlərindən ibarət maraqlı sərgi təşkil edilmişdi. Xalq rəssamı görkəmli qırğız yazıçısı və diplomat Çingiz Aytmatovla dostluq münasibətləri barədə, həmçinin onunla Almaniyada və Lüksemburqda görüşləri haqqında xatirələrini forum iştirakçıları ilə bölüşüb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
MOSKVA