AZƏRBAYCAN AUDİTORLARI BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK ETMİŞLƏR
Respublika Auditorlar Palatasının sədri Vahid Novruzovun başçılıq etdiyi nümayəndə heyəti beynəlxalq Daxili Auditorlar İnstitutunun Vaşinqtonda keçirilən beynəlxalq konfransında iştirak etmişdir.
Üzv ölkələrdə daxili audit sahəsində təhsil-maarif işinin təşkili və inkişaf etdirilməsinə kömək məqsədilə yaradılmış, dünyanın 120 ölkəsindən 70 minə qədər fərdi üzvü, 29 milli institutu və 210 bölməni özündə birləşdirən beynəlxalq Daxili Auditorlar İnstitutunun 61-ci konfransında 76 ölkədən 1300-dək nümayəndə təmsil olunmuşdu.
Üç gün davam edən konfransda 8 bölmə üzrə 71 məsələ müzakirə olunmuşdur. Ölkəmizin nümayəndə heyəti proqram üzrə nəzərdə tutulmuş məsələlərin müzakirəsində fəal iştirak etmişdir. Konfransda “Sahibkarlıq riskinin idarə edilməsi və həlli məsələləri”, “Səmərəli korporativ idarəetmə” və “Auditin qlobal məsələləri” mövzuları ətrafında geniş müzakirələr aparılmışdır. ABŞ-ın Baş Mühasibatlıq Ofisinin baş nəzarətçisi Devid Uolkerin və İnterpolun baş katibi Ronald Noblın məruzələri böyük maraqla qarşılanmışdır.
Konfrans üzv ölkələrdə daxili audit peşəsinin inkişafına təkan verəcək dəyərli tövsiyələr qəbul etmişdir.
Respublikamızın nümayəndə heyəti müxtəlif ölkələrdən gəlmiş konfrans iştirakçıları ilə görüşmüş, dövlətimizin başçısi Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən iqtisadi islahatlardan, azad sahibkarlığın inkişafına dövlət qayğısından, agrılı problemimiz olan Ermənistan-Azərbaycan, Dağliq Qarabağ münaqişəsindən, onun iqtisadiyyatımızın inkişafında dögurduğu ənğəllərdən, bunun aradan qaldırılması üçün görülən tədbirlərdən danışmışlar.
Belə görüşlərdə nümayəndə heyətmizin üzvləri beynəlxalq Daxili Audit İnstitutunun ölkəmizdəki “Audit-Azərbaycan” bölməsinin fəaliyyəti barədə də məlumat vermişlər. Bildirilmişdir ki, Azərbaycan MDB ölkələri arasında bu instituta 1999-cu ildə birinci üzv olmuşdur. Ötən müddət ərzində “Audit-Azərbaycan” kifayət qədər təşkilatlanmış, ölkəmizdə daxili auditor peşəsinin yayılması və inkişafı sahəsində xeyli iş görmüşdür.