İQTİSADİYYAT
Azərbaycan beynəlxalq İKT sammitində təmsil olunacaq
Sammit “İnfoCom-2014” İKT həftəsi çərçivəsində təşkil ediləcək.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu il tədbirdə Azərbaycan ilə yanaşı, Koreya Respublikası, Rusiya, Belarus, Qazaxıstan, Tacikistan, Estoniya, Almaniya, Niderland Krallığı, Çex Respublikası və digər ölkələrin nümayəndələrinin iştirakı gözlənilir.
Sammitə hər il beynəlxalq təşkilatların, dövlət və biznes sektorunun nümayəndələri qatılırlar. Mütəxəssislər İKT-nin son bir ildə inkişaf tempini, gələcək inkişaf istiqamətlərini, bu sahədə dünya tendensiyalarını müzakirə etmək, təcrübə mübadiləsi aparmaq üçün toplaşırlar. Artıq tədbirə qeydiyyat və məruzələrin qəbulu başlanılıb. Teledebatların ümumi sayı 500 nəfərdən çox olacaq.
Sammitin bölmə iclasları “Dövlət sektorunda İKT”, “Biznesdə İKT” və “İnformasiya resursları və internet” mövzuları üzrə aparılacaq. Əsas müzakirə mövzularından biri “Elektron hökumət”in inkişafı olacaq. İştirakçılar, eyni zamanda, ölkələrdə milli informasiya-kommunikasiya texnologiyalarının inkişafı proqramlarının reallaşdırılması sahəsində nailiyyətlər və problemlər, İKT-nin müxtəlif sahələrdə tətbiqi, tənzimləmə siyasəti və s. aktual məsələləri müzakirə edəcəklər.