AZƏRBAYCAN BEYNƏLXALQ TERRORÇULUQLA MÜBARİZƏDƏ TƏRƏFDAŞ DÖVLƏTLƏRLƏ SIX ƏMƏKDAŞLIQ EDİR
Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi beynəlxalq terroçuluqla mübarizə sahəsində bütün tərəfdaş dövlətlərin xüsusi xidmət orqanları ilə sıx əməkdaşlıq edir və işgüzar münasibətlər dinamik inkişafdadır. Bu yönümdə antiterror koalisiyasının fəal üzvlərindən olan Azərbaycanın qəti və prinsipial mövqeyi, terroçuluqla mübarizənin konkret nəticələri, intensiv informasiya mübadiləsi, beynəlxalq axtarışda olan şəxslərin tutulması və müəyyən edilmiş qaydada təhvil verilməsi, əməkdaşlıq üzrə əlaqələrimizin önəmli nümunələri ictimaiyyətimiz və tərəfdaş dövlətlər tərəfindən daim yüksək qiymətləndirilir və təqdir olunur.
Azərbaycan dəfələrlə bəyan etmişdir ki, dövlətimizin və beynəlxalq təşkilatların nəzarətindən kənar olan bölgələr - işğal edilmiş Dağlıq Qarabağ və onun ətrafındakı digər ərazilər terrorçular və transmilli mütəşəkkil cinayətkar qruplar tərəfindən müxtəlif təyinatlı məqsədlər üçün istifadə edilir. Bunun məsuliyyəti tamamilə separatçı rejimlərin üzərinə düşür.
Bütövlükdə, Azərbaycan ərazilərinin terrorçular tərəfindən istifadəsinə gəldikdə isə, respublikanın müvafiq dövlət strukturları, o cümlədən Milli Təhlükəsizlik Nazirliyi tərəfindən ölkədə əməliyyat şəraitinə tam nəzarət olunur. Beynəlxalq terrorçu təşkilatların və digər transmilli mütəşəkkil cinayətkar qrupların üzvlərinin, regionun ayrı-ayrı qaynar nöqtələrində qanunsuz silahlı birləşmələrin tərkibində döyüşlərdə iştirak etmiş şəxslərin ifşa olunması istiqamətində bütün zəruri tədbirlər görülür.
Bununla yanaşı, özlərini ekspert adlandıran şəxslərin, bəzən isə rəsmi dairələrin nümayəndələrinin Azərbaycan ərazisinin terrorçular tərəfindən istifadə olunması barədə müxtəlif vaxtlarda Rusiyanın kütləvi informasiya vasitələrində səslənən və heç bir fakta söykənməyən bəyanatları təəssüf hissi və anlaşılmazlıq doğurur.
Milli Təhlükəsizlik Nazirliyi belə təzahürlərə qəti etirazını bildirir və bəyan edir ki, bu kimi məsuliyyətsiz çıxışlar dövlətlərimizin və onların xüsusi xidmət orqanlarının cinayətkarlıqla, onun təhlükəli növləri ilə mübarizə üzrə fəaliyyətinə, əməkdaşlıq münasibətlərinə kölgə sala və hər iki ölkənin cəmiyyətində çaşqınlıq yarada bilər.
Eyni zamanda, güman etmək istərdik ki, ayrı-ayrı şəxslərin, hətta bəzi rəsmi dairələrin nümayəndələrinin çıxış və müsahibələri Rusiya Federasiyasının rəsmi dövlət mövqeyini əks etdirmir.
Azərbaycan tərəfi həmişə olduğu kimi, səmərəli və konstruktiv əməkdaşlıq üçün açıqdır, anlaşılmazlıq doğuran hər bir məsələnin müzakirəsinə hazırdır.