AZƏRBAYCAN BOKSÇULARI AİBA PREZİDENTİNİN KUBOKU UĞRUNDA KEÇİRİLƏN BEYNƏLXALQ TURNİRDƏ 4 MEDAL QAZANMIŞLAR
Bakı, 11 dekabr (AZƏRTAC). Dekabrın 11-də Dövlət Sərhəd Xidmətinin İdman Mərkəzində AİBA prezidentinin kuboku uğrunda 2-ci beynəlxalq boks turnirinin final mərhələsinə yekun vurulmuşdur.
Əvvəlcə AİBA-nın prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin üzvü Çinq Kuo Vunun iştirakı ilə mətbuat konfransı keçirilmişdir.
Cənab Çinq Kuo Vu belə bir nüfuzlu yarışın yüksək səviyyədə təşkilinə görə, Azərbaycan Boks Federasiyasının rəhbərliyinə öz minnətdarlığını ifadə etmiş, 2010-cu ilin aprelində gənclər arasında dünya çempionatının da Bakıda keçiriləcəyini bildirmişdir.
AİBA prezidenti bu günlərdə ölkə başçısı İlham Əliyevlə görüşünün onda böyük təəssürat yaratdığını söyləmiş, Azərbaycanda idmanın inkişafı, həmçinin güclü idmançıların yetişdirilməsi istiqamətində görülən işləri müsbət qiymətləndirmişdir. O vurğulamışdır ki, 3 gün müddətində keçən yarış maraqlı olmaqla yanaşı, gərginliyi ilə yadda qalmışdır. Beş qitəni təmsil edən idmançılar medallar uğrunda mübarizədə əsil döyüş ruhu nümayiş etdirmişlər.
Turnirdə 35 ölkədən 88 idmançı 11 çəki dərəcəsində mübarizə aparmışdır. Bu idmançılar Avropa, Asiya, Amerikadan iki, Afrika və Okeaniyanın hərəsindən bir olmaqla səkkiz komandanı təmsil etmişlər.
Turnirin final mərhələsinə vəsiqə qazanan dörd Azərbaycan boksçusundan yalnız Emil Məhərrəmov 69 kiloqram çəki dərəcəsində qızıl medala sahib olmuşdur. Boksçularımızdan Sadiq Eynullayev isə (64 kq) gümüş medala layiq görülmüşdür.
Elşən İsmayılov (57 kq) və İsmət Eynullayev (60 kq) bürünc medal qazanmışlar.
######
