AZƏRBAYCAN-ÇİN DOSTLUQ VƏ ƏMƏKDAŞLIQ CƏMİYYƏTİNDƏ GÖRÜŞ
Milli Məclis deputatlarının, respublika ictimaiyyətinin, kütləvi informasiya vasitələri nümayəndələrinin iştirak etdiyi görüşü Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, cəmiyyətin idarə heyətinin üzvü Mahmud Kərimov açaraq, iki ölkə arasında siyasi və iqtisadi əməkdaşlığın mövcud vəziyyətindən danışmış və hazırkı münasibətlərin bünövrəsinin ümummilli liderimiz Heydər Əliyevin 1994-cü ildə Çinə rəsmi səfəri zamanı qoyulduğunu bildirmişdir.
O, Azərbaycan Prezidenti İlham Əliyevin münasibətləri daha da möhkəmləndirmək istiqamətində səylərini vurğulamış, Çin Xalq Respublikasının geniş tərkibdə nümayəndə heyətinin respublikamıza gəlməsini Azərbaycan-Çin əlaqələrinin yaxşı nümunəsi kimi dəyərləndirmişdir.
Nümayəndə heyətinin başçısı Lyu Yunşan səmimi görüşə görə təşəkkür edərək, ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin sürətlə inkişaf etdiyini, xüsusilə iqtisadi əməkdaşlığın durmadan genişləndiyini, Çin şirkətlərinin Azərbaycanın karbohidrogen ehtiyatlarının işlənilməsində iştirakını vurğulamışdır.
İqtisadi əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə əminliyini söyləyən qonaq Prezident İlham Əliyev ilə görüşün onlarda böyük məmnunluq doğurduğunu bildirmişdir.
Azərbaycanda bütün sahələrdə çox böyük uğurların əldə edildiyini vurğulayan və qarşılıqlı əlaqələrin dərinləşməsində Cəmiyyətin rolunu yüksək qiymətləndirən qonaq demişdir ki, Çin-Azərbaycan münasibətlərinin inkişafının əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur və bu siyasət Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Belə ki, son iki ildə ölkələrimiz arasında ticarət dövriyyəsi sürətlə artır. Çinin iri şirkətləri, o cümlədən Çin Neft-Qaz Korporasiyası, “Şenli” neft şirkəti Heydər Əliyevin yeni neft strategiyası sayəsində Azərbaycanın neft yataqlarının işlənilməsi layihələrində fəal iştirak edir.
Azərbaycan-Çin Dostluq və Əməkdaşlıq Cəmiyyətinin məsul katibi Rafiq Abbasov, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, “İnam” Tibb Mərkəzinin direktoru Etibar Kazımov çıxış edərək, iki ölkə arasında çoxtərəfli əlaqələrin inkişafına qurumun sanballı töhfə verdiyini bildirmişlər.
Əldə olunan uğurların qazanılmasında Cəmiyyətin təsisçisi və prezidenti, Milli Məclisin deputatı, dünya şöhrətli alim Cəlal Əliyevin, habelə cəmiyyətin vitse-prezidenti, AMEA-nın müxbir üzvü Qərib Məmmədovun xidmətlərini xüsusi vurğulayan Rafiq Abbasov demişdir ki, mədəniyyət, təhsil, informasiya və s. sahələrdə əməkdaşlığın inkişafında konkret işlər görən Cəmiyyət bu məqsədlə müxtəlif “dəyirmi masa”lar, tədbirlər keçirir.
Azərbaycanda Çin dilinə də maraq böyükdür və hazırda paytaxtın 134 nömrəli orta məktəbində və Bakı Dövlət Universitetində bu dil müvəffəqiyyətlə tədris olunur. Ümummilli liderimizin 1994-cü ildə Pekinə tarixi səfərinə dair kitab hazırlanmış, şəkilli Çin-Azərbaycan lüğəti nəşr edilmişdir. Cəmiyyətin Azərbaycan dilində İnternet səhifəsi yaradılmışdır.
Görüşdə ÇXR-in Azərbaycandakı səfiri Çjan Siyun iştirak etmişdir.