Azərbaycan “Dajınki-2025” məhsul bayramında təmsil olunub
Bakı, 7 oktyabr, AZƏRTAC
Belarusun Vileyka şəhərinin Dolqinovo kəndində “Dajınki–2025” regional məhsul bayramı keçirilib. Tədbirdə milli yeməklər, kənd təsərrüfatı məhsulları, əl işləri nümayiş etdirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan İcmaları Konqresinin ilk dəfə olaraq təşkil etdiyi “Belarus və Azərbaycan: iki ölkənin bərəkətli payızı” adlı sərgidə Azərbaycan mətbəxinin nümunələri, milli geyimlər təqdim olunub. Təşkilatın üzvləri Camal Nağıyev və Cəmilə Əliyeva iştirakçılara Azərbaycanın tarixi, mədəniyyəti, mətbəxi və turizm imkanları barədə ətraflı məlumat veriblər.
Çıxışçılar “Nar bayramı”nı Vileyka sakinləri ilə birgə qeyd etməkdən məmnunluq duyduqlarını bildirib, məhsul yığımında zəhmətin və əməyin əhəmiyyətini vurğulayıblar.
Sonda Konqres nümayəndələrinə Vileyka Rayon İcraiyyə Komitəsinin sədri Anatoli Zavatskının adından mükafatlar təqdim olunub.