Sosial xidmətə cəlb edilən uşaqlar üçün ekskursiya təşkil edilib
Bakı, 10 avqust, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial sifarişi əsasında Ağcabədi rayonunda fəaliyyət göstərən Günərzi Qayğı Mərkəzinin xidmətlərindən yararlanan uşaqlar üçün ekskursiya təşkil edilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, ümumilikdə 30-a yaxın şəxsin iştirak etdiyi ekskursiya zamanı benefisiarlar Qaxda yerləşən istirahət mərkəzlərinə aparılıb. Onlar üçün piknik, eləcə də əyləncəli və inkişafetdirici oyunlar təşkil olunub.
Ekskursiya uşaqların dünyagörüşünün genişləndirilməsi, həmçinin asudə vaxtlarının səmərəli təşkili məqsədi daşıyıb.
Qeyd edək ki, Agentliyin sosial sifarişləri ilə icra olunan layihələr əsasında hazırda ölkəmizin müxtəlif bölgələrində uşaqlar üçün 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir.
Bu mərkəzlərdə həssas qruplara aid, o cümlədən əlilliyi olan 1100-dən çox uşağın psixoloji reabilitasiyası, abilitasiyası, pedaqoji inkişafı, habelə ailələrinə dəstək və ailələrin maarifləndirilməsi üzrə kompleks işlər aparılır.