Azərbaycan Daşkənddə keçirilən “Özbəkistanın neft və qazı-OGU 2018” Beynəlxalq sərgisində iştirak edir
Daşkənd, 16 may, АZƏRTAC
Mayın 16-da Daşkənddə “Özbəkistanın neft və qazı-OGU 2018” Beynəlxalq sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgidə dünyanın 25-ə yaxın ölkəsindən gələn neft və qaz şirkətləri, alimlər, ekspertlər iştirak edir.
Azərbaycanı bu sərgidə SOCAR-ın vitse-prezidenti Bəhram Hüseynovun başçılıq etdiyi nümayəndə heyəti, “BP Azerbaijan” şirkətinin vitse-prezidenti Qreq Raylinin rəhbərliyi ilə nümayəndələr, həmçinin “Azərneftmaş” zavodunun nümayəndələri təmsil edir.
Azərbaycan şirkətləri öz stendlərində müxtəlif reklam-çap materialları nümayiş etdirir, maraqlananlara bu haqda məlumat verir, onlara açıqcalar paylanır.
Mayın 18-nə kimi davam edəcək sərgi çərçivəsində Azərbaycan nümayəndələrinin bir sıra digər şirkətlərin təmsilçiləri ilə danışıqlar aparması da nəzərdə tutulub.
Sərginin açılışında Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev də iştirak edib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd