Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb
Bakı, 11 iyun, AZƏRTAC
2021-ci ilin 15 iyununda Azərbaycan və Türkiyə liderləri tərəfindən imzalanan Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında mövcud olan strateji tərəfdaşlığı müttəfiqlik səviyyəsinə yüksəldib. Son beş il ərzində bu sənədin praktik nəticələri həm siyasi koordinasiyanın güclənməsində, həm də müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha sistemli xarakter almasında özünü göstərib.
Bunu AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfiqar bildirib.
Onun sözlərinə görə, bu gün Azərbaycan və Türkiyə regional və beynəlxalq məsələlərdə ortaq mövqedən çıxış edən, qarşılıqlı dəstək mexanizmlərini daha da möhkəmləndirən iki müttəfiq dövlət kimi fəaliyyət göstərirlər. Bəyannamənin ən mühüm nəticələrindən biri təhlükəsizlik sahəsində əməkdaşlığın institusional əsaslarının genişlənməsi olub. Birgə hərbi təlimlərin intensivləşməsi, müdafiə sənayesi sahəsində əməkdaşlığın dərinləşməsi və silahlı qüvvələr arasında qarşılıqlı fəaliyyət imkanlarının artırılması regionda yeni təhlükəsizlik balansının formalaşmasına töhfə verib.
Siyasi şərhçi qeyd edib ki, Şuşa Bəyannaməsi iqtisadi və nəqliyyat sahələrində də mühüm nəticələr doğurub.
“Orta Dəhlizin inkişafı, enerji və logistika layihələrinin genişlənməsi, Azərbaycan ilə Türkiyəni birləşdirən nəqliyyat-kommunikasiya xətlərinin əhəmiyyətinin artması regionun geoiqtisadi rolunu gücləndirib. Bu əməkdaşlıq modeli yalnız iki ölkənin maraqlarına deyil, bütövlükdə Avropa ilə Asiya arasında əlaqələrin inkişafına da xidmət edir. Regional təhlükəsizlik baxımından Şuşa Bəyannaməsi yeni geosiyasi reallıqların formalaşmasında mühüm rol oynayıb. Sənəd göstərdi ki, regionda sabitliyin təmin olunması məhz regional dövlətlərin qarşılıqlı əməkdaşlığı və məsuliyyətli siyasəti əsasında mümkündür. Azərbaycan–Türkiyə müttəfiqliyi bu mənada əməkdaşlıq, qarşılıqlı etimad və ortaq maraqlar üzərində qurulan təhlükəsizlik modelinin nümunəsinə çevrilib”, deyə politoloq qeyd edib.
Ü.Zülfiqar əlavə edib ki, bu gün Şuşa Bəyannaməsi yalnız ikitərəfli münasibətləri tənzimləyən sənəd deyil, həm də Cənubi Qafqazın gələcək inkişaf trayektoriyasına təsir göstərən strateji yol xəritəsi kimi qiymətləndirilir. Sənədin yaratdığı siyasi və təhlükəsizlik çərçivəsi regionda uzunmüddətli sülhün, iqtisadi inteqrasiyanın və dayanıqlı əməkdaşlığın təşviqinə xidmət edən əsas amillərdən biri olaraq qalır. Şuşa Bəyannaməsinin əhəmiyyəti hər ötən il daha aydın şəkildə özünü göstərir.
Müxbir - Səbinə Əlizadə