ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir
Bakı, 11 iyun, AZƏRTAC
Aqrar sahədə əsas məsələlərdən biri innovasiyaların tətbiqi, süni intellektdən istifadə, fermerlərin maarifləndirilməsi və torpaq ehtiyatlarından davamlı və səmərəli istifadə olunmasıdır. Bu istiqamətdə fermerlərin bilik və bacarıqlarının artırılması xüsusi əhəmiyyət daşıyır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında ADA Universitetinin Kənd Təsərrüfatı və qida elmləri fakültəsinin baş müəllimi Sahil Quliyev söyləyib.
O bildirib ki, Azərbaycanda son illərdə müasir istixana kompleksləri, heyvandarlıq təsərrüfatları və müasir suvarma sistemləri yaradılıb. Bununla yanaşı, süni intellekt və digər rəqəmsal texnologiyaların aqrar sektorda tətbiqi öz aktuallığını qorumaqdadır və gələcək inkişaf üçün vacib amillərdən biridir.
"Ölkəmizdə qarşıya qoyulan məqsədlərə nail olmaq istiqamətində mühüm işlər görülüb Bununla belə, qarşımızda həllini gözləyən məsələlər də mövcuddur. Bunlardan biri bəzi ərazilərdə torpaqların şoranlaşması və məhsuldarlığın aşağı düşməsidir. Bu problemlərin aradan qaldırılması üçün müasir elmi tədqiqatların aparılması və innovativ texnologiyaların tətbiqi vacibdir", - deyə S.Quliyev əlavə edib.