Kiyev “Patriot” raketləri əldə etmək üçün Avropa Komissiyasının icazəsini almalıdır
Bakı, 11 iyun, AZƏRTAC
Ukrayna Avropa İttifaqının ayırdığı vəsait hesabına “Patriot” raketləri almaq üçün Avropa Komissiyasını razı salmalıdır.
AZƏRTAC xəbər verir ki, Avropa Komissiyasının nümayəndəsi Balaş Uyvari bu barədə Brüsseldə jurnalistlər üçün keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, Ukraynaya ayrılan ilk 5,9 milyard avroluq hərbi yardım əsasən pilotsuz uçuş aparatlarının tədarükü üçün nəzərdə tutulub. Əgər Kiyev bu vəsaitin bir hissəsini başqa silahların, o cümlədən “Patriot” raketlərinin alınmasına sərf etmək istəsə, məsələ Avropa Komissiyası tərəfindən ayrıca qiymətləndiriləcək.
Bir müddət öncə Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen Kiyevin iyunun sonunadək 5,9 milyard avroluq hərbi yardım və 3,1 milyard avroluq büdcə dəstəyi alacağını bildirmişdi. Bu vəsaitlər Ukrayna üçün nəzərdə tutulan 90 milyard avroluq Aİ maliyyə proqramının bir hissəsidir.
Qaydalara əsasən, həmin vəsait, ilk növbədə, Avropa İttifaqı ölkələrində istehsal olunan silah və hərbi texnikanın alınmasına yönəldilməlidir. ABŞ-dən və ya digər ölkələrdən silah tədarükünə yalnız Avropada uyğun alternativ olmadıqda icazə verilə bilər.