Asiyadan Qərbə uzanan mədəniyyət: türk və ərəb folklorunda kölgə oyunları
Bakı, 11 iyun, AZƏRTAC
AMEA Folklor İnstitutunun Mərasim folkloru və milli kulinariya ənənəsi şöbəsində növbəti elmi seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda şöbənin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Şəhla Hüseynlinin “Novruz bayramında yemək rituallarının funksional semantikası” mövzusunda məruzəsi dinlənilib. O, Novruz bayramı türk xalqlarının ən qədim və zəngin mədəni ənənələrindən biri kimi yalnız təqvim bayramı deyil, həm də dərin simvolik məna daşıyan mərasim sistemi olduğunu qeyd edib. Tədqiqatçının fikrinə görə, Novruzun yemək ritualları xalqın dünyagörüşünü, təbiətə münasibətini, bolluq arzusunu və sosial birlik ideyasını özündə əks etdirən məkan kimi çıxış edir. Bu baxımdan türk xalqlarının Novruzda hazırladıqları yeməklər təkcə qida deyil, müxtəlif mənalar daşıyan rəmzlərdir.
Daha sonra şöbənin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Sürəyya Əlizadə “Türk və ərəb folklorunda kölgə oyunlarının janr xüsusiyyətləri” mövzusunda məruzə edib. Tədqiqatçının fikrincə, ərəb dünyasında məşhur olan kölgə oyunları, kölgə tamaşaları xalq arasında çox geniş yayılıb. Qaynaqlarda kölgə oyununun mənşəyi, yaranma tarixi haqqında müxtəlif fikirlərə rast gəlmək mümkündür. Dünyada kölgə oyunlarının İndoneziyada yarandığı və ya Hindistan mənşəli olduğu söylənilir. Bəziləri bu oyunun Çindən çıxmış olduğunu irəli sürürlər. Kölgə oyunu istər İndoneziya, istər Hindistanda, istərsə də Çində yaranmış olsun, bu oyunun Qərbə Asiyadan gəldiyi fikri hakimdir. Bu oyun “Pərdə oyunu”, “Çadır oyunu” adı ilə bərabər “Qaragöz” adı ilə də məşhurlaşıb. Kukla-kölgə oyunu bir çox ərəb ölkələrində səhnələşdirilib. Xüsusilə Misir, Suriya, Əlcəzair, Tunis, Liviya və Mərakeşdə kukla-kölgə oyunları daha çox inkişaf etmişdir.
Tədqiqatçı kölgə teatrının mətnləri şərq şəhərlərinin zəngin həyat ab-havasını bərpa etmək, xalq bayramlarının, yarmarkaların və milli adətlərin rəngarəng təsvirləri ərəb mədəni ənənələrinin öyrənilməsi üçün zəruri tarixi mətnlər olduğunu, eyni zamanda, kölgə teatrının mətnlərini və süjetlərini sistemləşdirilməsində bir çox alimlərin səyləri olduğunu söyləyib.
Elmi seminar müzakirələrlə davam edib.