Qlobal maliyyə sistemində İslam maliyyəsinin yüksəlişi Azərbaycan üçün hansı yeni imkanlar yaradır?
Bakı, 11 iyun, AZƏRTAC
İslam maliyyəsi hazırda dünya maliyyə sisteminin təxminən 1-2 faizini təşkil edir. Bu rəqəm böyük görünməsə də, artım tempi kifayət qədər yüksəkdir və illik 10 faizdən çoxdur.
Dövlət İqtisad Universitetinin İqtisadiyyat kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Emin Qəribli AZƏRTAC-a açıqlamasında bildirib ki, İslam ölkələrinin böyük maliyyə resurslarına malik olmasına baxmayaraq, bu sistem hələ tam potensialına çatmayıb.
Ekspert qeyd edib ki, İslam maliyyəsi əsasən İslam ölkələri arasında geniş yayılıb.
“Bununla yanaşı, son illərdə Qərb ölkələri də bu maliyyə modelindən əlavə maliyyə aləti kimi istifadə etməyə başlayıblar. Dünyanın maliyyə bazarlarında müxtəlif yeni alətlər tətbiq olunur və İslam maliyyəsi də çevikliyi ilə seçilən sistemlərdən biridir. Xüsusilə fintex və rəqəmsal maliyyə texnologiyalarının inkişafı bu sahənin daha da genişlənməsinə şərait yaradır. Azərbaycan iqtisadiyyatını şaxələndirmək və qeyri-neft sektorunu inkişaf etdirmək istiqamətində çalışır. Xüsusilə Şərq və ərəb ölkələrində yaşıl enerji layihələrinin inkişafı diqqət çəkir və həmin ölkələrin bu sahədə böyük maliyyə imkanları mövcuddur. Azərbaycan da gələcəkdə qeyri-neft məhsullarının ixracını artırmaq və yeni investisiyalar cəlb etməkdə maraqlıdır”, - deyə Emin Qəribli əlavə edib.
Ekspert hesab edir ki, İslam maliyyə alətlərinin tətbiqi və təkmilləşdirilməsi ölkəyə əlavə investisiyaların cəlb olunmasına, iqtisadi əməkdaşlığın genişlənməsinə və ümumilikdə iqtisadi inkişafın sürətlənməsinə müsbət təsir göstərə bilər.