AZƏRBAYCAN DAXİLİ RESURSLARINA ARXALANMALIDIR
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev qış mövsümünə hazırlıqla bağlı keçirilən müşavirədə danışmış və bildirmişdir ki, Rusiyadan min kubmetri 110 dollar olmaqla, 4,5 milyard kubmetr qaz alınır və əlbəttə ki, bizim enerji balansımızda bu qazın önəmli yeri var. Rusiya tərəfi gələn il Azərbaycana veriləcək qazın miqdarını üç dəfə azaltmaq, qiymətini isə iki dəfədən çox artırmaq istəyir. Belə olan halda, əlavə mənbələr axtarmaq zərurəti yaranır və ilk növbədə, biz daxili resurslara arxalanmalıyıq.
Hadisələrin bu cür inkişafını təxmin edərək 6 ay bundan əvvəl Dövlət Neft Şirkətinə bütün əsas səylərini qaz hasilatına yönəldilməsinə, kəmərlərin tikintisinə, qaz yataqlarında qazma işlərinin sürətləndirilməsinə dair göstəriş verdiyini bildirən Prezident demişdir: “Əminəm ki, bunun nəticəsində gələn il Azərbaycanda hasil ediləcək qazın həcmi kifayət qədər artacaqdır. “Şahdəniz” qaz yatağı, əfsuslar olsun ki, ancaq bu ilin sonunda işə düşəcəkdir. Əgər “Şahdəniz” qaz yatağı keçən il istismara verilsəydi, - biz onu gözləyirdik, - əlbəttə ki, gələn il bu yataqdan daha çox qaz hasil edilə bilərdi. Bir sözlə, bu məsələ çox böyük əhəmiyyət kəsb edir. Çünki Azərbaycan öz daxili tələbatını tam şəkildə ödəməlidir. İlk növbədə, əhali elektrik enerjisi və qazla təmin olunmalıdır”.