“Azərbaycan Dəmir Yolları” QSC-də qanvermə aksiyası keçirilib
Bakı, 7 oktyabr, AZƏRTAC
13 Oktyabr - Azərbaycan Dəmir yolu İşçilərinin Peşə Bayramı Günü ilə əlaqədar olaraq həyata keçiriləcək silsiləvi tədbirlər çərçivəsində sosial məsuliyyət xarakteri daşıyan qanvermə aksiyası olub.
“Azərbaycan Dəmir Yolları” QSC-dən AZƏRTAC-a bildirilib ki, aksiya Mərkəzi Qan Bankı ilə əməkdaşlıq çərçivəsində QSC-nin inzibati binasında keçirilib.
Aksiyanın məqsədi hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən insanlara, xüsusən də uşaqlara yardım etmək və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdır.
Qeyd edək ki, aksiyada dəmiryolçuların könüllü aktivliyi müşahidə olunub və əməkdaşlar əvvəlcə bütün donorlar üçün zəruri olan müayinələrdən keçirilib, sonra qanvermə prosesi baş tutub.