AZƏRBAYCAN DƏMİRYOLÇULARI İLK DƏFƏ PEŞƏ BAYRAMLARINI QEYD ETMİŞLƏR
AZƏRTAC xəbər verir ki, elə həmin gün Dövlət Dəmir Yolunun binasında
keçirilən bayram mərasimində rəis Arif Əsgərov ölkəmizin bu
mühüm nəqliyyat arteriyasının səmərəli işləməsinə görə dəmiryolçulara təşəkkürünü bildirmişdir. O qeyd etmişdir ki, ümummilli liderin
siyasi-iqtisadi xəttini uğurla davam və inkişaf etdirən ölkə Prezidenti
İlham Əliyevin xüsusi diqqəti sayəsində Dövlət Dəmir Yolu özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
Dəmiryolçuları təbrik edən nəqliyyat naziri Ziya Məmmədov nəqliyyat-kommunikasiya, eləcə də dəmir yolu sahəsində uğurla həyata keçirilən regional və beynəlxalq layihələrdən danışmışdır. Ölkə prezidentləri səviyyəsində xüsusi diqqət yetirilən Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolunun reallaşması istiqamətində konkret işlərə başlanıldığını vurğulamışdır.
Bayram tədbirinin sonunda əməkdə fərqlənən dəmiryolçulara qiymətli mükafatlar, “Fəxri dəmiryolçu” döş nişanı təqdim olunmuşdur.