AZƏRBAYCAN DEMOKRATİK RESPUBLİKASININ YARADILMASININ 90 İLLİYİ NİDERLANDDA QEYD EDİLMİŞDİR
Azərbaycanın Niderland Krallığındakı səfirliyindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, Ximskörk şəhərində qədim Chateau Marquette qəsrində “Ana vətən” Cəmiyyəti (Azərbaycan qadınlarının Avropa Birliyi) Azərbaycan Demokratik Respublikasının yaradılmasının 90 illiyinə həsr edilmiş təntənəli tədbir keçirmişdir.
“Ana vətən” Cəmiyyətinin sədri, Azərbaycan və Niderland Yazıçılar Birliklərinin üzvü Gülşən Lətifxan tədbiri açaraq demişdir ki, Azərbaycan Demokratik Respublikasının 90 illiyi Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən qeyd edilir. O demişdir: “Biz haqlı olaraq fəxr edirik ki, Şərqdə ilk opera, operetta və balet məhz bizim Vətənimizdə yaradılmışdır. Biz həm də ona görə fəxr edirik ki, müasir müstəqil Azərbaycan Respublikası ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi xətti əsas götürərək, iqtisadiyyatda qeyri-adi yüksəlişə nail olmuş, məhz Heydər Əliyevin sayəsində “Əsrin müqaviləsi” imzalanmışdır”.
Sonra opera müğənnisi Adil Abdullayevin iştirakı ilə konsert olmuşdur. Konsertdə Azərbaycan bəstəkarlarının əsərləri və dünya klassikası nümunələri səslənmiş, sonda isə azərbaycanlı rəqqasə Səltənət Zeynalovanın ifa etdiyi “Tərəkəmə” xalq rəqsi tamaşaçıları vəcdə gətirmişdir.
Tədbirdə Azərbaycanın Niderlanddakı səfirliyinin və Hollandiya ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.