Azərbaycan Dillər Universitetində “ADU gəncləri QİÇS-ə dur deyir” adlı tədbir keçirilmişdir
Bakı, 4 dekabr (AZƏRTAC). Dekabrın 4-də Azərbaycan Dillər Universitetində (ADU) “ADU gəncləri QİÇS-ə dur deyir” adlı tədbir keçirilmişdir.
ADU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə əvvəlcə “QİÇS haqqında nə bilirsiniz?” adlı videoçarx nümayiş olunmuşdur. Sonra tədbir iştirakçılarına 1 dekabr-Dünya QİÇS ilə Mübarizə Günü haqqında məlumat verilmişdir.
Respublika QİÇS ilə Mübarizə Mərkəzinin eksperti Telman Məhərrəmov QİÇS-in kəşfi və tədqiqi tarixi haqqında danışaraq 1987-ci ildə Azərbaycanda ilk dəfə bu xəstəliyə yoluxma hallarının qeydə alındığını demişdir.
Azərbaycan vətəndaşları arasında 1992-ci ildə bu xəstəliyin aşkar edildiyini diqqətə çatdıran ekspert ölkəmizdə bu xəstəliyə yoluxanların sayının aşağı səviyyədə olduğunu qeyd etmişdir. O, eyni zamanda, Azərbaycanda İİV/QİÇS ilə bağlı epidemioloji vəziyyət və bu xəstəliklərə qarşı görülən tədbirlər barədə geniş məlumat vermişdir.
Bildirilmişdir ki, bu problemin həlli yolunda Səhiyyə Nazirliyi əhali arasında vaxtaşırı maarifləndirmə tədbirlərini və beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirir.
Universitetin mülki müdafiə, tibbi biliklərin əsasları və bədən tərbiyəsi kafedrasının baş müəllimi Sədaqət Musayeva çıxışında QİÇS xəstəliyinin Azərbaycanda hər kəsi düşündürən aktual məsələlərdən biri olduğunu bildirmiş, bu təhlükəli infeksiyadan qorunmaq üçün insanların, xüsusən də gənclərin maarifləndirilməsinin vacibliyindən söz açmışdır.
Regional Psixologiya Mərkəzinin psixoloqu Mehriban Qafarova isə bildirmişdir ki, tələbələr bu cür maarifləndirici tədbirdə məlumat toplayaraq bu xəstəliyə yoluxmuş insanlara dəstək durmağın düzgün addım olduğunu dərk edəcəklər.
ADU-nun rektorunun müşaviri Vazeh Əsgərov belə tədbirlərin universitetdə mütəmadi olaraq keçirildiyini vurğulamışdır.
ADU-nun Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev çıxış edərək bildirmişdir ki, universitet hər zaman bu cür tədbirlər təşkil etməklə gəncləri pis vərdişlər və xəstəliklərdən qorunmaq yolları haqqında maarifləndirir.
Sonda universitetin tələbələri QİÇS-lə mübarizənin rəmzi olan qırmızı və qara rəngli geyimlərdə rəqs nümayiş etdirmişlər. Tələbələr “Biz ADU gəncləri QİÇS-i tanıyırıq və QİÇS-ə ““Yox” deyirik” və digər yazılı plakatlarla rəqslərini yekunlaşdırmışlar.