Azərbaycan Dillər Universitetində İndoneziya səfiri ilə görüş olmuşdur
Bakı, 11 may (AZƏRTAC). Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov İndoneziyanın Azərbaycandakı səfiri İvan Viranata-Atmacanla görüşmüşdür.
ADU-nun ictimaiyyətlə əlaqələr və mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə ölkələrimiz arasında əlaqələrin vacib və əhəmiyyətli olduğunu vurğulayan Səməd Seyidov belə əlaqələrin mədəniyyət, elm və digər humanitar sahələrin də inkişafına təkan verdiyini demişdir. Bu istiqamətdə Azərbaycan Dillər Universiteti ilə münasibətlərin çox vacib olduğunu diqqətə çatdırmışdır.
Səfir İ.Viranata-Atmaca öz növbəsində, ADU ilə əlaqələrin davamlı olacağına inamını ifadə etmişdir. Azərbaycanlı tələbələrin İndoneziyada müxtəlif proqramlar üzrə təhsil aldıqlarını bildirən səfir burada olduğu müddətdə səfirliyin Dillər Universiteti ilə fəal şəkildə işlədiyini və ADU-dakı İndoneziya mərkəzinin fəaliyyətindən razı qaldığını vurğulamışdır. Səfir Azərbaycanın gündən-günə inkişaf etdiyini və bu uğurların davamlı olduğunu demişdir.
S.Seyidov səfirə ADU-da İndoneziya mərkəzinin açılmasında göstərdiyi səylərə görə minnətdarlığını bildirmiş, gələcək fəaliyyətində uğurlar arzulamış və onu ADU-da professor kimi fəaliyyət göstərməyə dəvət etmişdir.
Rektor ADU-nun tələbəsinin İndoneziyada keçirilən festivala qatılaraq Azərbaycanı təmsil etdiyindən qürur hissi keçirdiyini də diqqətə çatdırmışdır.
Səfir təklifi böyük məmnuniyyətlə qəbul etdiyini söyləmişdir. O, həmçinin ADU-nun professoru Həbib Zərbəliyevə bu istiqamətdə gördüyü işlərə görə təşəkkürünü çatdırmışdır.
Sonra səfir ADU-nun İndoneziya Mərkəzində təşkil olunan tədbirə qatılmış, universitetin regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin İndoneziyaşünaslıq ixtisası üzrə təhsil alan tələbələr qarşısında çıxış etmişdir.
######
