Azərbaycan Dillər Universitetində karyera günü və iş yarmarkası keçirilmişdir
Bakı, 23 noyabr (AZƏRTAC) Noyabrın 23-də Azərbaycan Dillər Universitetində (ADU) ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin və bu ali təhsil ocağının İnformasiya Resurs Kompleksinin Amerika Mərkəzinin təşkilatçılığı ilə karyera günü və iş yarmarkası keçirilmişdir.
Karyera günü və iş yarmarkası şirkətlərə gənc və ali təhsilli peşəkarları tanımaq və potensial işçiləri tapmaq, həmçinin gəncləri işlə təmin etməyə kömək etmək məqsədi daşıyır.
AZƏRTAC xəbər verir ki, yarmarkada dövlət qurumları, eləcə də özəl sektoru təmsil edən təşkilatlar iştirak etmişlər.
Açılış mərasimində ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin nümayəndəsi Aynur Piriyeva təmsil etdiyi birliyin fəaliyyət istiqamətləri və həyata keçirdikləri tədbirlər haqqında geniş məlumat vermişdir.
ADU-nun İnformasiya Resurs Kompleksinin direktoru Şəhla Xudiyeva çıxışında belə yarmarkaların keçirilməsinin gənclərin karyera qurmasında və gələcək fəaliyyətlərində önəmini qeyd etmişdir.
Universitetin tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev və regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev yarmarkanın əhəmiyyətindən danışmış, ADU-nun məzunlarının bir sıra dövlət orqanlarında, eləcə də diplomatik korpuslarda çalışdığını və bu kimi tədbirlərin gənclərin karyera quruculuğunda vacibliyini vurğulamışlar.
ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Stefen Qays birliyin fəaliyyətini təqdirəlayiq hesab etmiş və səfirliyin bu qurumla əməkdaşlıqdan məmnunluğunu ifadə etmişdir. O, tədbir və proqramlar vasitəsilə ABŞ-la Azərbaycan arasındakı ikitərəfli münasibətlərin gücləndirilməsi istiqamətində fəaliyyət göstərdiklərini diqqətə çatdırmışdır.
Karyera günü və iş yarmarkası sonuncu kurs bakalavr və magistratura tələbələrinə və işsiz gənclər üçün təşkil olunmuşdur. Burada onlara əmək bazarında lazım olan bacarıqlar öyrədilmiş, həmçinin də öz karyera hədəflərini təyin etməyə kömək göstərilmişdir. İştirakçılar müxtəlif şirkətlərin nümayəndələri və İnsan Resursları menecerləri ilə də danışıqlar və məsləhətləşmələr aparmışlar. Bununla yanaşı, Azərbaycanın ən iri özəl şirkətləri və dövlət qurumlarında vakansiyalar və işəgötürmə prosedurları haqqında informasiya almaq şansı qazanmışlar.