Azərbaycan Dillər Universitetində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılmışdır
Bakı, 25 fevral (AZƏRTAC). Azərbaycan Dillər Universitetində (ADU) tələbə gənclər təşkilatının və Gənc Diplomatlar Birliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.
ADU-dan AZƏRTAC-a bildirmişlər ki, tədbir Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başlanmışdır.
Mərasimdə universitetin prorektoru Ələddin Əliyev demişdir ki, Xocalı soyqırımı bəşər tarixinin ən qanlı cinayətlərindən biridir. Erməni vandalizmi bütün dünyaya tanıdılmalıdır. Bu mövzuda gəncləri maarifləndirməyin vacibliyini vurğulayan prorektor soyqırımına məruz qalmış insanların qanının yerdə qalmayacağını və dünya ictimaiyyətinin bu qanlı hadisələrə kəskin reaksiya verəcəyinə əminliyini bildirmişdir.
Xocalı faciəsinin dünya ölkələri tərəfindən tanınmasında Heydər Əliyev Fondunun bu sahədə fəaliyyəti xüsusilə vurğulanmışdır. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” kampaniyasının artıq bütün dünya ölkələrində geniş vüsət aldığı, xaricdə təhsil alan tələbələrin bu işdə yaxından iştirakı yüksək dəyərləndirilmişdir.
Xocalı hadisələrinin canlı şahidi, “general Əli bəy” adı ilə tanınan Əlövsət Qasımov ermənilərin vəhşiliklərindən söz açmış, bunun əyani sübutu olan fotoşəkilləri təqdim etmişdir.
Digər çıxış edənlər də Xocalı soyqırımının bəşər tarixində misli görünməmiş vəhşilik olduğunu söyləmiş, bu faciənin soyqırımı aktı kimi dünya tərəfindən qəbul edilməsinin vacibliyini vurğulamışlar.
Tədbirdə Xocalı soyqırımının dəhşətlərini əks etdirən fotoşəkillər nümayiş olunmuşdur.