AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ ELMİ ŞURASININ İCLASI
Universitetin professor və müəllimləri əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin bu ali məktəbdəki abidəsinin önünə əklil və gül dəstələri qoymuş, əziz xatirəsini ehtiramla yad etmişlər.
ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü Yusif Məmmədov iclasda xalqımızın böyük oğlu, qüdrətli dövlət xadimi Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycanın rəhbəri seçilməsinin ildönümünün ölkəmizdə geniş qeyd edildiyini bildirmiş və ümummilli liderimizin tarixi xidmətlərindən danışmışdır. O, müstəqil Azərbaycan dövlətinin yaranmasında, möhkəmlənməsində və dünyada tanınmasında dahi rəhbərimiz Heydər Əliyevin misilsiz rolunu vurğulamış, ulu öndərin siyasətinin ölkə Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirildiyini bildirmişdir.
Bu il respublikamızda növbəti prezident seçkilərinin keçiriləcəyini xatırladan Y.Məmmədov seçkilərdə xalqımızın dövlət başçısı İlham Əliyevi yekdilliklə dəstəkləyəcəyinə əmin olduğunu söyləmişdir.
Sonra ADPU-nun Elmi Şurasının 2007-2008-ci tədris ilində fəaliyyəti barədə ətraflı məlumatlar verilmişdir. Qeyd olunmuşdur ki, Elmi Şuranın 8 iclası keçirilmiş, onun müvafiq qərarı ilə təşkil edilən “İlin müəllimi”, “İlin alimi” müsabiqələrinin qalibləri müəyyənləşdirilmiş və mükafatlandırılmışlar. 19 nəfər professor, 16 nəfər kafedra müdiri vəzifəsinə seçilmişdir. Universitetdə “Pedaqoji təhsilin problemləri”, “Türk odası” laboratoriyaları və “Kompyuter mərkəzi” təşkil olunmuşdur. Beynəlxalq əlaqələr genişlənmiş, Türkiyənin Hacəttəpə Universiteti arasında əməkdaşlıq əlaqələri qurulmuşdur.
Sonra geniş müzakirələr aparılmış, qarşıda duran vəzifələr diqqətə çatdırılmışdır.