Azərbaycan Dövlət Pedaqoji Universitetində yay imtahan sessiyası ilə bağlı müzakirələr aparılıb
Bakı, 17 may, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) elmi şurasının iclası keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, iclasda çıxış edən rektor, şuranın sədri, professor Cəfər Cəfərov təhsilin keyfiyyətinin yüksəldilməsinin və pedaqoji kadr hazırlığında liderliyi ələ almağın başlıca hədəf olduğunu deyib. Bildirib ki, bu məqsədlə universitetdə islahatlar, yeni layihələr həyata keçirilir, müəllim heyətinin bilik və peşəkarlıq səviyyəsinin artırılması, onların fəaliyyətinin təkmilləşdirilməsi üçün təcrübəli və nüfuzlu mütəxəssislər cəlb edilir, müxtəlif kurslar, təlimlər və digər tədbirlər reallaşdırılır.
Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov 2017-2018-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası barədə danışaraq bildirib ki, ümumilikdə ADPU-da 17 min 270 nəfər tələbə təhsil alır. Semestr və dövlət imtahanlarında mütəşəkkilliyin təmin olunması məqsədilə imtahan idarəetmə qrupu yaradılacaq. İmtahan tələbənin qərarına əsasən test üsulu ilə və ya yazılı formada keçiriləcək. Universitetin Kitabxana-İnformasiya Mərkəzi gücləndirilmiş iş rejimində çalışacaq. İmtahan sessiyası müddətində tələbələrin valideynlərinin, ictimaiyyət nümayəndələrinin, media təmsilçilərinin imtahanların gedişini izləmələri üçün lazımi şərait yaradılacaq. Yaz semestrinin imtahan sessiyası və dövlət imtahanları ədalətli, şəffaf və obyektiv keçiriləcək.
Elmi şura hesabatı qəbul edib.
Pedaqogika üzrə elmlər doktoru Şəhla Əliyeva rəhbərlik etdiyi məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində mövcud olan ixtisaslar üzrə payız və yaz imtahan sessiyalarında qazanılmış müvəffəqiyyət və keyfiyyət göstəricilərini təhlil edib.
Universitetin Tədris Departamenti direktorunun müavini, dosent Ənvər İmanov məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində aparılan monitorinqin nəticələri barədə məlumat verib.
Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov elmlər doktoru və fəlsəfə doktoru proqramları üzrə elmi rəhbərlər və elmi məsləhətçilərlə bağlı çıxış edib.
Tədris Departamentinin direktoru, dosent Sənan Əliyev pedaqoji təcrübə komissiyasının qərarlarını şura üzvlərinin diqqətinə çatdırıb. Qeyd edib ki, komissiyanın qərarına əsasən, yenidənhazırlanma təhsilində pedaqoji təcrübənin müddəti iki həftə, qiyabi təhsilalma forması üzrə isə 14 həftə müəyyən edilib.
İclasda digər çıxış edənlər imtahan sessiyasının təşkilinin və təhsilin keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı fikir və təkliflərini bildiriblər.