AZƏRBAYCAN DÖVLƏT TELEQRAF AGENTLİYİNİN BİNASINDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN BÜSTÜNÜN AÇILIŞ MƏRASİMİ OLMUŞDUR
Mərasimdən əvvəl AZƏRTAC-ın kollektivi Fəxri xiyabana gələrək, ulu öndər Heydər Əliyevin əziz xatirəsini anmış, məzarı önünə gül düzmüşlər.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də gül qoyulmuşdur.
Açılış mərasimində Baş nazirin müavini Elçin Əfəndiyev, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, Nazirlər Kabinetinin Elm, mədəniyyət, xalq təhsili və sosial problemlər şöbəsinin müdiri İsmayıl Sadıqov və digər rəsmi şəxslər, parlamentin deputatları, kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak edirdilər.
Büstün üzərindən örtük götürüldü. Bütöv ağ mərmər blokda yonulmuş, gözəl sənət əsəri olan büstün müəllifi Azərbaycanın görkəmli tişə ustalarından biri, xalq rəssamı, Rəssamlıq Akademiyasının prorektoru professor Fuad Salayevdir.
AZƏRTAC-ın baş direktoru Aslan Aslanov mərasimi açaraq dedi ki, ümummilli lider Heydər Əliyev respublikaya rəhbərliyinin hər iki dövründə mətbuata həmişə böyük yaradıcılıq sərbəstliyi, demokratik mühitdə işləmək imkanı yaratmış, eyni zamanda, cəmiyyətdə onun ictimai nüfuzunun artmasına, fəaliyyət dairəsinin genişlənməsinə xüsusi diqqət və qayğı göstərmiş, həqiqi mənada, azad sözün təminatçısı olmuşdur. Çağdaş dünya tarixində mətbuatın cəmiyyətə təsir gücünü, onun əhəmiyyətini Heydər Əliyev qədər bilən və yüksək qiymətləndirən ikinci dövlət xadimi bəlkə də olmamışdır.
Baş direktor gələn il 87 yaşını qeyd edəcək agentliyin hələ sovet dövründə maddi-texniki bazasının möhkəmləndirilməsində ümummilli liderin rolunu xatırlatdı, xalqın təkidli tələbi ilə Heydər Əliyevin 1993-cü ildə Azərbaycanın siyasi rəhbərliyinə qayıdışından sonra AZƏRTAC-ın da həyatında yeni mərhələ başlandığını vurğuladı. Bildirdi ki, məhz Heydər Əliyevin imzaladığı fərman və sərəncamlarla AZƏRTAC-a dövlət agentliyi statusu verilmiş, onun maddi-texniki bazası ən müasir avadanlıqla yeniləşdirilmiş, agentliyin tarixində ilk dəfə olaraq xarici ölkələrdə müxbir məntəqələri açılmışdır. Ulu öndərimiz 2000-ci il fevralın 29-da AZƏRTAC-ın 80 illiyi ilə əlaqədar təbrikində müstəqillik illərində agentliyin fəaliyyətində xüsusi dönüş yarandığını vurğulamış, eyni zamanda, onun qarşısında duran vəzifələri də müəyyənləşdirmişdi: “AZƏRTAC-ın kollektivi milli jurnalistikamızın nəcib vətənpərvərlik ənənələrini ləyaqətlə davam etdirməklə bərabər, dünya informasiya məkanında layiqli yer tutmaq üçün daha əzmlə çalışmalıdır”. Ötən illərdə AZƏRTAC-ın kollektivi öz işini məhz bu istiqamətdə qurmuşdur. Xaricdə 9 müxbir məntəqəsi olan agentlik dörd ildir fasiləsiz rejimdə işləyir, Azərbaycan, ingilis və rus dillərində xəbərlər buraxır, hər gün 80-dən çox ölkə ilə informasiya mübadiləsi aparılır. Onlarca ölkənin informasiya agentlikləri, o cümlədən Anadolu Agentliyi (Türkiyə), İTAR-TASS (Rusiya), Sinxua (Çin), ANSA (İtaliya), Ukrinform (Ukrayna), BTA (Bolqarıstan), Moldpress (Moldova), ANA (Yunanıstan), ATA (Albaniya) agentlikləri ilə əməkdaşlıq haqqında sazişlər imzalanmışdır. Son vaxtlar Misirin, Səudiyyə Ərəbistanının, Küveytin informasiya agentliklərindən qarşılıqlı informasiya mübadiləsinə dair sazişlər imzalanması barədə təkliflər alınmışdır. AZƏRTAC həm də bir sıra regional informasiya qurumlarının, o cümlədən 33 ölkənin 40 xəbər agentliyini birləşdirən Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin informasiya agentlikləri alyansının (PANİA) fəal üzvlərindəndir.
A.Aslanov bildirdi ki, agentliyimiz bütün bunlara ümummilli liderimiz Heydər Əliyevin göstərdiyi böyük diqqət və qayğının sayəsində nail olmuşdur. Məhz buna görə də kollektivimiz ulu öndərə dərin minnətdarlığının əlaməti olaraq, agentliyin binasında onun büstünün ucaldılmasını və daimi fotosərginin təşkil edilməsini qərara almışdır.
Ölkənin rəsmi informasiya orqanı olan AZƏRTAC-a dövlət qayğısının bu gün də davam etdiyini vurğulayan baş direktor mərasim iştirakçılarını əmin etdi ki, agentliyin kollektivi ulu öndərin ideyalarının həyata keçirilməsi, Azərbaycanın qüdrətli, zəngin ölkəyə çevrilməsi yolunda Prezident İlham Əliyevin gördüyü ardıcıl və məqsədyönlü tədbirlərin informasiya təminatı, respublikamız haqqında həqiqətlərin dünyada daha geniş yayılması üçün bundan sonra da bütün imkanlardan istifadə edəcəkdir.
Baş direktor büstün qoyulması və fotosərginin təşkili ilə bağlı dəyərli məsləhətlər vermiş görkəmli fırça ustası, xalq rəssamı Tahir Salahova, görkəmli heykəltəraş, xalq rəssamı, Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarova, büstün müəllifi Fuad Salayevə minnətdarlığını bildirdi.
Mərasimdə çıxış edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, Prezidentin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Nazim İsayev, Milli Məclisin insan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova, YAP icraçı katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov ümummilli liderimizin AZƏRTAC-ın binasında büstünün açılmasını əlamətdar hadisə kimi qiymətləndirdilər. Bildirildi ki, bu, ümummilli liderin bütövlükdə Azərbaycan mətbuatına çox böyük diqqət və qayğısına dərin minnətdarlığın ifadəsi, onun həqiqətən jurnalistlərin dostu olmasının daha bir təsdiqidir.
Çıxış edənlər vurğuladılar ki, bu gün Heydər Əliyev cismən bizimlə olmasa da, qədirbilən xalqımızın qəlbində yaşayır, onun şah əsəri olan müstəqil Azərbaycan sürətlə inkişaf edir, dünya birliyində mövqeyi daha da möhkəmlənir, regionda lider dövlətə çevrilir. Xalqımızın dahi oğlunun zəngin ideya-nəzəri irsi neçə-neçə nəsillərin fəaliyyətini istiqamətləndirəcək tükənməz sərvətdir. Heydər Əliyevin ən böyük arzusu müstəqil Azərbaycanı dünyada öz yeri, öz sözü olan qüdrətli, hərtərəfli inkişaf etmiş, hüquqi, demokratik, firavan dövlət kimi görmək idi. İndi ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə bu yolla inamla irəliləyir. Böyük sənətkarlıqla yaradılmış büstdə ulu öndər qətiyyətli baxışları ilə sanki bu yolun uğurlu sonunu görür. Xalqımız da buna əmindir və ona görə də vətəndaş kimi hər birimiz bu yolda səylərimizi əsirgəməməliyik.
Çıxış edənlər AZƏRTAC-ın kollektivinə gələcək işlərində uğurlar dilədilər.
Sonra agentliyin əməkdaşı Zərəngiz Mansurova ümummilli liderimizə həsr etdiyi şeirini oxudu.
Daha sonra qonaqlar foyedə Rəssamlıq Akademiyasının baş müəllimi Faiq Dadaşovun tərtibat verdiyi daimi fotosərgi ilə tanış oldular. Sərgidə ulu öndərin həyat və fəaliyyətinə dair müxtəlif mövzularda fotoşəkillər nümayiş etdirilir.
Mərasim iştirakçıları büstün önündə xatirə şəkli çəkdirdilər.