AZƏRBAYCAN ƏDLİYYƏ NAZİRLİYİNİN NÜMAYƏNDƏ HEYƏTİ AVSTRİYADA SƏFƏRDƏ OLMUŞDUR
Səfər çərçivəsində nümayəndə heyəti Avstriyanın federal ədliyyə naziri xanım K.Gastinger, onun müavini, cəzaçəkmə müəssisələrinə nəzarət departamentinin direktoru R.Nayber, Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəisi, Avropa Şurası ilə Avropa Komissiyasının birgə layihəsinin hüquq üzrə işçi qrupunun rəhbəri xanım İ.Kok, habelə federal baş prokurorun birinci müavini R.Yerabek, baş prokurorun müavinləri O.Fabritsiyu və H.Raunig ilə görüşmüşdür.
Görüşlərdə ölkəmizin hüquq, xüsusilə də penitensiar sistemi barədə ətraflı məlumat verilmiş, bu sahə ilə bağlı fikir mübadiləsi aparılmışdır. Ölkələrimizin ədliyyə nazirlərinin 2003-2004-cü illərdə qarşılıqlı rəsmi səfərləri, Avstriya baş prokurorunun Azərbaycana səfəri yüksək qiymətləndirilmiş, bu səfərlər zamanı imzalanmış ikitərəfli sənədlərin respublikalarımızın hüquq mühafizə orqanları arasında sürətlə inkişaf edən əməkdaşlığa çox müsbət təsir göstərdiyi vurğulanmışdır.
Ədliyyə naziri Fikrət Məmmədovun avstriyalı həmkarına dəvət məktubu xanım K.Gastingerə çatdırılmış, Azərbaycanın baş prokuroru Z.Qaralovun 2006-cı ilin oktyabrında Avstriyaya nəzərdə tutulan səfəri ilə bağlı məsələyə toxunulmuşdur.