Azərbaycan ədliyyəsi uğurlu inkişaf yolunda
Bakı, 21 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının ədliyyə sisteminin dövlətçilik tariximizdə özünəməxsus yeri vardır. 1918-ci il mayın 28-də Şərqin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə Azərbaycan ədliyyəsi öz tarixinin mühüm mərhələsinə qədəm qoyub. Cəmi 23 ay yaşamasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti müstəqil respublikanın ədliyyə, məhkəmə və prokurorluq orqanlarının formalaşdırılmasına xüsusi əhəmiyyət verib, bu sahədə mühüm nailiyyətlər əldə edib.
Müstəqilliyin bərpasından sonra məhkəmə-hüquq sisteminin formalaşması və inkişafı, Ədliyyə Nazirliyinin müasir dövrün tələblərinə uyğun islahatlar aparılmaqla təkmil struktura çevrilməsi bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Bu barədə Gəncə Regional Ədliyyə İdarəsini rəisi, ədliyyə müşaviri İlkin Nəcəfov AZƏRTAC-da təqdim etdiyi yazısında bildirib.
O qeyd edib ki, ədliyyə sahəsinə göstərilən diqqətin nəticəsi olaraq ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilib. Artıq 22 ildir ki, bu tarix ədliyyə orqanlarının işçiləri tərəfindən böyük ruh yüksəkliyi ilə qeyd olunur.
Bu gün Azərbaycan ədliyyəsinin inkişafı ilə bağlı həyata keçirilən islahatlar Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Ötən dövrdə ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı bir sıra mühüm sənədlərin - nazirliyin Əsasnaməsinin, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun, “Ədliyyə orqanlarının inkişafı haqqında” Fərmanın qəbulu nazirliyin fəaliyyətinin normativ tənzimlənməsi və strukturunun təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyətə malik olub.
Ədalət mühakiməsinin səmərəsinin artırılmasına, ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsinə xüsusi diqqət yetirən Prezident İlham Əliyevin 2017-ci il fevralın 10-da imzaladığı cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncamı da ölkəmizin inkişafı və əldə edilən hərtərəfli uğurlar fonunda cəza siyasətinə, cinayət qanunvericiliyinə, məhkumların hüquqlarının təminatı məsələlərinə baxışın yenilənməsi, penitensiar sistemin fəaliyyətinin təkmilləşdirilməsi sahəsində dünyada mövcud ən mütərəqqi təcrübələrin tətbiqi baxımından çox mühüm sənəd kimi qeyd olunmalıdır.
Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı isə Azərbaycan ədliyyəsinin inkişafı üçün mühüm "yol xəritəsi" olub. Fərmanda ədliyyə və məhkəmə islahatlarının dərinləşdirilməsi, yeni mərhələdə müasir çağırışlara uyğun və sistemli davam etdirilməsi ilə bağlı strateji prioritetlər müəyyənləşdirilib və onun icrası ilə bağlı əhəmiyyətli tədbirlər həyata keçirilib.
Son illərdə bütün sahələrdə olduğu kimi, Ədliyyə Nazirliyində və bütövlükdə ölkəmizin məhkəmə-hüquq sistemində əsaslı islahatlar aparılır, vətəndaşlara daha operativ, rahat və şəffaf xidmətlərin göstərilməsi, əlçatanlığın asanlaşdırılması məqsədilə müasir texnologiyaların və innovasiyaların tətbiqi üzrə genişmiqyaslı tədbirlər həyata keçirilir.
Azərbaycan ədliyyəsi dövlətimiz və xalqımız üçün taleyüklü məsələlərin həll olduğu dövrlərdə üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələrək əzmkarlıqla fəaliyyət göstərir və xalqımızla həmrəylik nümayiş etdirir. Qırx dörd günlük Vətən müharibəsi zamanı ədliyyə işçiləri, hakimlər tərəfindən sosial aktivlik göstərilərək ordumuza dəstək göstərilib, eyni zamanda, ölkəmizə qarşı müharibə cinayətlərinin dünya ictimaiyyətinin diqqətinə dolğun və hərtərəfli çatdırılması ilə bağlı ardıcıl tədbirlər həyata keçirilib. Həmçinin ədliyyə və məhkəmə orqanlarının çoxsaylı əməkdaşları hərbi xidmətə, o cümlədən könüllü kimi yollanaraq torpaqlarımızın azad olunması uğrunda aparılan döyüşlərdə fəal iştirak etmiş, fədakarlıq göstəriblər.
Postkonflikt dövründə azad edilmiş ərazilərimizin bərpası ilə bağlı görülən işlərdə də Ədliyyə Nazirliyi dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq üzərinə düşən vəzifələri həyata keçirərək doğma torpaqlarımızda ədliyyə və məhkəmə fəaliyyətinin bərpası, o cümlədən bu sahədə xidmətlərin əlçatanlığının təmin olunması ilə bağlı ardıcıl tədbirlər görür.
Bu gün qalib dövlətin vətəndaşları kimi peşə bayramlarını böyük sevinc və qürur hissi ilə qeyd edən ədliyyə işçiləri dövlətimizin başçısının ətrafında daim sıx birləşərək üzərilərinə düşən vəzifələri bundan sonra da məsuliyyətlə və şərəflə yerinə yetirmək əzmindədirlər. Ədliyyə işçilərinin peşə bayramı günü Gəncə şəhərində də təntənə ilə qeyd olunur, Gəncə regional ədliyyə idarəsi tərəfindən silsilə tədbirlər keçirilir.
Fürsətdən istifadə edib Azərbaycan ədliyyəsinin 104-cü ildönümünü münasibətilə bütün ədliyyə işçilərini təbrik edir, işlərində müvəffəqiyyətlər arzulayırıq.