AZƏRBAYCAN ENERGETİKİ ABŞ DÖVLƏT DEPARTAMENTİNİN DİPLOMUNA LAYİQ GÖRÜLMÜŞDÜR
“Azərenerji” Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, respublikanın baş energetika idarəsinin şöbə müdiri, fizika-riyaziyyat elmləri namizədi, bir sıra elmi və praktik işlərin, layihə və araşdırmaların müəllifi Azər Xammədov əsas məruzə ilə çıxış etmişdir. O, qeyri-ənənəvi energetikanın tətbiqi sahəsində ABŞ və Azərbaycan arasında əməkdaşlığa dair İREX proqramının uğurla başa çatdırılmasında fəal iştirakına görə ABŞ Dövlət Departamentinin diplomu ilə təltif olunmuşdur.
Məruzəçi ABŞ-da dördaylıq ezamiyyəti zamanı amerikalı həmkarları ilə birgə apardığı tədqiqatlardan, habelə qeyri-ənənəvi elektrik enerjisinin tətbiqi sahəsində faydalı fikir mübadiləsindən söhbət açmışdır.
A.Xammədovun sözlərinə görə, qeyri-ənənəvi enerji mənbələri ilə işləyən qurğuların istehsalı və tətbiqi sahəsində ixtisaslaşan Amerika şirkətləri Azərbaycanda fəaliyyət perspektivinə böyük maraq göstərirlər.
Azərbaycan mütəxəssisi qeyri-ənənəvi mənbələrin köməyi ilə elektrik enerjisi alınması qurğularının respublikamızda tətbiqi imkanları və perspektivləri barədə amerikalı həmkarlarına məlumat vermişdir. Onun fikrincə, belə qurğulardan ucqar bölgələrdə, sərhədyanı zonalarda və turist düşərgələrində istifadə etmək mümkündür.