Azərbaycan folkloru nümunələri və ənənəvi bilikləri Əqli Mülkiyyət Agentliyində dövlət qeydiyyatına alınır
Bakı, 21 avqust, AZƏRTAC
Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin qeydiyyata alınması onların hüquqi qorunması məqsədini daşıyır və əqli mülkiyyət obyektləri kimi Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində dövlət qeydiyyatına alınır. Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin əqli mülkiyyətin xüsusi növləri kimi hüquqi qorunması Agentlik tərəfindən həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bu, “Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin dövlət qeydiyyatına alınması Qaydası”nda əksini tapıb.
Bu Qayda, eləcə də “Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin dövlət qeydiyyatına alınması barədə Şəhadətnamənin nümunəsi” Nazirlər Kabinetinin 2021-ci il 20 avqust tarixli 233 nömrəli qərarı ilə təsdiq olunub.
“Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin dövlət qeydiyyatına alınması Qaydası”nın istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
-Azərbaycan folkloru nümunələri (ənənəvi mədəni nümunələri) - “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində qeyd olunan Azərbaycan xalqı, onun ayrı-ayrı fərdləri tərəfindən yaradılan və qorunub saxlanılan, Azərbaycan xalqının ənənəvi-bədii dəyərlərini, dünyagörüşünü, ümid və arzularını, bədii irsin xarakterik xüsusiyyətlərini özündə əks etdirən, şifahi şəkildə yaradılan söz sənəti nümunələri, xalq musiqisi, oyunları və rəqsləri, xalq sənətkarlığı və tətbiqi sənət nümunələri (maddi formada olan və olmayanlar), eləcə də digər xalq yaradıcılığı nümunələri;
Azərbaycanın ənənəvi bilikləri - “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə uyğun olaraq, ənənəyə əsaslanan əqli fəaliyyətin nəticəsi olan və nəsildən-nəslə ötürülərək qorunub saxlanılan elmi, ədəbi, bədii və sənaye sahələrində yeniliklər və yaradıcılıq nəticələri;
Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin hüquqi qorunması - Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin hər hansı qeyri-qanuni istifadədən və onlara zərər vuran digər hərəkətlərdən qorunması.