Azərbaycan-Fransız Universitetində ilk dəfə magistraturaya qəbul imtahanı keçirilib
Bakı, 8 iyun, AZƏRTAC
İyunun 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) 2020/2021-ci tədris ili üçün ilk dəfə magistratura pilləsi üzrə qəbul imtahanı keçirilib.
UFAZ-dan AZƏRTAC-a bildirilib ki, bu il ilk dəfə keçirilən imtahanda müxtəlif universitetlərdən ümumilikdə 171 tələbə qeydiyyatdan keçib və onlardan 151-nin namizədliyi təsdiq edilib. Namizədlərin 60-ı UFAZ tələbəsi, 91-i isə Azərbaycanın müxtəlif universitetlərinin məzunlarıdır.
İmtahan koronavirus (COVID-19) pandemiyası dövründə xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş bütün zəruri göstərişlər nəzərə alınaraq keçirilib. Belə ki, tələbələr maskada, gigiyena qaydalarını və sosial məsafəni gözləyərək, eləcə də hərarətləri ölçülərək UFAZ-a daxil olublar. İmtahan otaqlarında tələbələrin yerləşdirilməsi də sosial məsafə gözlənilərək təmin olunub.
İmtahanda iştirak üçün qeydiyyatdan keçmiş, lakin Bakı şəhərindən kənarda olan 35 tələbə şəhərə gəlmək üçün müvafiq icazə ilə təmin olunub. 150 dəqiqə davam edən imtahanda tələbələr 3 ixtisas (kimya mühəndisliyi/fiziki kimya, tətbiqi kompüter elmləri (Big Data və süni intellekt) və Yer elmləri ixtisasları) üzrə ingilis dilində verilən sualları cavablandırıblar.
İmtahanın nəticələri iyunun 16-da elan olunacaq.
Xatırladaq ki, Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi magistratura imtahanından 60-dan çox bal toplayan hər kəs UFAZ-ın magistratura proqramlarına müraciət etmək hüququna malik idi. Magistratura proqramı üçün UFAZ-ın qəbul imtahanında iştirak edən və seçilməyən tələbələr Azərbaycandakı digər ali təhsil müəssisələrinə müraciət şansını itirməyəcəklər. Magistratura proqramı üçün ümumilikdə 80 yer ayrılıb və bütün yerlər ödənişsizdir. UFAZ-ın magistratura pilləsini bitirmiş tələbələr iki dövlət diplomuna yiyələnəcəklər. Beləliklə, tələbələr xaricə getmədən ADNSU ilə yanaşı, Strasburq Universitetinin diplomunu əldə edə biləcəklər. Magistratura təhsili Fransa təhsil sisteminə uyğunlaşdırılmaqla iki ölkənin yüksəkixtisaslı müəllimlərindən ibarət beynəlxalq tədris heyəti tərəfindən aparılacaq.