Azərbaycan Gənc Hüquqşünaslar Birliyi səkkiz hüquq ədəbiyyatı çap edəcəkdir
Bakı, 8 noyabr (AZƏRTAC). Azərbaycan Gənc Hüquqşünaslar Birliyi Gənclər və İdman Nazirliyi tərəfindən maliyyələşdirilən “Yeni hüquq ədəbiyyatı” layihəsi çərçivəsində səkkiz hüquq ədəbiyyatı çap edəcəkdir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Gənc Hüquqşünaslar Birliyi layihəni BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, AMEA-nın İnsan Hüquqları Elmi Tədqiqat İnstitutu və Azərbaycan Hüquqşünasları Konfederasiyası ilə sıx əməkdaşlıq etməklə reallaşdırır.
Bu əməkdaşlıq çərçivəsində “Qaçqınların İşləri üzrə Avropa Məhkəməsinin qərarları”, hüquq üzrə fəlsəfə doktoru, AMEA-nın İnsan Hüquqları Elmi Tədqiqat İnstitutunun direktoru Aytən Mustafayevanın “Bioetika, hüquq və insan hüquqları”, Vüqar Əsgərovun “Dövlət qulluğuna dair normativ hüquqi sənədlər və sınaq test nümunələri”, Mübariz Yolçuyevin “Sığorta hüququnda sığortanın varisliyə əsaslanan reqres hüququ”, hüquq üzrə fəlsəfə doktoru Etibar Əliyevin “Beynəlxalq nəqliyyat hüququ” (ingilis dilində), Əfsər Sadıqovun “Beynəlxalq enerji hüququ enerji təhlükəsizliyinin təminat sistemi kimi”, Əkrəm Həsənovun “Azərbaycan Respublikasının bank hüququ” (rus dilində), Bernard.M.Dikkensç, Rebekka C.Kuk, Ester Kismodinin “Reproduktiv sağlamlıq - etik şərhlərlə misallar” kitabları hazırlanmışdır.
Kitablar gənc hüquqşünaslara, tələbələrə, hüquq sahəsi üzrə təlim keçən QHT-lərə, həmçinin digər aidiyyəti qurum və şəxslərə pulsuz paylanacaqdır.