Azərbaycan Gənc Qan Donorlarının II Forumu keçirilib
Bakı, 6 iyun, E.Hüseynov, AZƏRTAC
Könüllü və təmənnasız qan donorluğunun inkişafına dəstək vermək məqsədilə iyunun 6-da Bakıdakı “Hilton” otelində Azərbaycan Gənc Qan Donorlarının II Forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, 14 iyun - Ümumdünya Qan Donoru Günü ərəfəsində keçirilən forumun təşkilatçıları Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və İran Qızıl Aypara Cəmiyyəti, Qan Donorları Assosiasiyası, “Hematologiyanın İnkişafına Dəstək” İctimai Birliyi və Azərbaycan Talassemiya Federasiyasıdır. Forumun məqsədi Azərbaycanda könüllü və təmənnasız qan donorluğunun inkişafına dəstək verməkdir.
Azərbaycanda qan donorluğunun inkişafında fəaliyyət göstərən dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, o cümlədən qan donorlarının iştirak etdikləri forumda “Qan ver, həyat bəxş et!”, “Qan donorluğu: sən onları xilas edə bilərsən!” videoçarxları nümayiş olunub.
Tədbirdə çıxış edən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə bildirib ki, hazırda bütün dünyada təhlükəsiz donor qanına ehtiyac artmaqdadır. Təcrübə göstərir ki, ən təhlükəsiz qan məhz könüllü və təmənnasız donorların qanıdır. Təhlükəsiz qan, onun komponentləri və preparatları hər il hamiləlik və doğuş zamanı ağırlaşması olan anaları, körpə uşaqları, xəsarət alanları ölümdən xilas edir. O, gənclərə müraciət edərək deyib: “İnkişaf etmiş ölkələrdə yaşı 25 olan insanlar 25 dəfə qan verirlər. Arzu edərdim ki, bizim gənclər də bu təcrübədən istifadə etsinlər. Çünki hər il dünyada 108 milyon doza qan toplanır.”
Forumun işinə uğurlar arzulayan Azərbaycan Respublikası Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun gənclər üzrə məsləhətçisi Rahu Qurbanova belə bir tədbirin keçirilməsinin cəmiyyətə mesaj vermək
baxımından əhəmiyyətini vurğulayıb. Bildirib ki, dövlətimizin başçısının hərtərəfli qayğısı ilə əhatə olunmuş gənclər təşkilatları qan donorluğunun inkişafı istiqamətində fəaliyyətlərini daha da gücləndirməlidirlər.
B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva isə qeyd edib ki, 2005-ci ilin mayında Dünya Səhiyyə Təşkilatının (DST) Assambleyasında könüllü qan donorluğunu dəstəkləyən bəyanat qəbul edilib. Bəyanatda hər il 14 iyun tarixinin Ümumdünya Qan Donoru Günü kimi keçirilməsi qərara alınıb. Bu günün keçirilməsində əsas məqsəd könüllü qan donorlarına hörmət və ehtiramın nümayiş etdirilməsi, cəmiyyətdə donor qanına olan ehtiyac və zərurətin vurğulanması, bununla da bütün dünyada könüllü donorluq ənənəsinin genişləndirilməsidir. O bildirib ki, dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da qana ehtiyac duyulur. Çünki ölkəmizdə irsi qan xəstəliyi olanların, hematoloji və onkoloji xəstələrin sayı çoxdur. Qan ehtiyatı həmin xəstələr və cərrahiyyə sahəsində istifadə üçün lazımdır. Azərbaycanda tükənməyən qan ehtiyatı var. Lakin bu ehtiyatlar daimi yenilənməlidir.
İnstitutun direktoru əlavə edib ki, qana ehtiyacı olan insanlara qanı həm onun yaxınları verir, həm də bunun üçün Səhiyyə Nazirliyi xüsusi briqadalar yaradıb.
B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu Mərkəzi Qan Bankının baş həkimi Pərvanə Hacıyeva isə Azərbaycanda könüllü qan donorluğunun inkişaf tarixindən danışıb. Bildirib ki, ölkəmizdə 2010-cu ildə 46 530 nəfər donorluq edərək qan veribsə, 2014-cü ildə bu rəqəm 56,2 faiz artaraq 72 697 nəfər olub. Eyni zamanda, donorların sayının çoxalması nəticəsində tədarük edilən qan və qan komponentlərinin miqdarı da artıb. Belə ki, 2010-cu ildə 21 ton 131 litr qan tədarük edilibsə, 2014-cü ildə bu rəqəm 71,2 faiz artaraq 36 ton 193 litr təşkil edib. Ümumilikdə isə keçən il Mərkəzi Qan Bankında 41 606 nəfər donorluq edərək qan verib.
O bildirib ki, bu gün donorların qeydiyyatı qanvermə prosesinin həyata keçirildiyi tibb müəssisələrində aparılır. Donorlar haqqında məlumatlar elektron məlumat bazasına da daxil edilir. Donorların və onlardan qan analizinin alınması, müayinəsi və donorluğa dair məlumatların qeydiyyatı və qan ehtiyatlarına nəzarətin elektronlaşdırılması məqsədilə Azərbaycanda "Vahid Qan Bankı" sistemi yaradılıb. Hazırda bu sistem Mərkəzi Qan Bankının bütün bölmələrində istifadə olunur.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadə, “Qanımızın səsi” kitabının müəllifi Sevda Tahirli və başqaları çıxış edərək ikinci dəfə keçirilən forumun Azərbaycanda könüllü və təmənnasız qan donorluğunun inkişafına dəstək verəcəyini vurğulayıblar.
Diqqətə çatdırılıb ki, donorluğun inkişafı üçün təkcə Səhiyyə Nazirliyi deyil, digər qurumlar, tanınmış insanlar və kütləvi informasiya vasitələri də öz töhfələrini verməlidirlər.
Qan donorluğunun inkişafına töhfələr vermiş təşkilatlara, eləcə də könüllü donorlara diplomlar təqdim olunduqdan sonra forumda gələcək fəaliyyətlər müzakirə edilib.