Azərbaycan geoloqlarının məqaləsi İstanbul Texniki Universitetində müzakirə edilib
Bakı, 8 iyun, AZƏRTAC
AMEA-nın Geologiya və Geofizika İnstitutunun Yer fizikası bölməsinin Seysmologiya və geomaqnetizm şöbəsinin rəhbəri vəzifəsini icra edən, Yer elmləri doktoru, dosent Qulam Babayevin şöbə əməkdaşları və italiyalı professor Luçiano Teleska ilə birlikdə hazırladığı və “Pure and Applied Geophysics” jurnalında dərc edilmiş “Böyük Qafqazın cənub yamacının seysmik təhlükəsinin təhlili” məqaləsi İstanbul Texniki Universitetinin Geologiya mühəndisliyi kafedrasında onlayn seminarda müzakirə edilib.
Geologiya və Geofizika İnstitutundan AZƏRTAC-a bildirilib ki, İstanbul Texniki Universitetində geologiya mühəndisliyi ixtisası üzrə təhsil alan magistr Muhamməd Namazlının təqdim etdiyi məqalə Geologiya mühəndisliyi kafedrasının müəllim-professor heyəti tərəfindən maraqla dinlənilib. Məqalədə müasir yanaşmalara və üsullara əsaslanan hesablamalar, tərtib olunmuş modellər və xəritələr tələbə və müəllim heyəti tərəfindən ətraflı şəkildə təhlil olunub və açıq müzakirə edilib.
Qeyd olunub ki, məqalədə istifadə olunan müasir metodlar vasitəsilə müxtəlif seysmik əmsallarda daha dəqiq zəlzələ ssenarilərin qurulması ərazinin seysmik cəhətdən qiymətləndirilməsində böyük əhəmiyyət kəsb edir. Müzakirədə vurğulanıb ki, bölgədə son zamanlar zəlzələlərin baş verməsi müasir deformasiya proseslərinin daimi öyrənilməsini, tədqiqatların davamlı şəkildə aparılmasını zəruri edir. Bu, Zaqatala-Balakən, Şəki-Oğuz-Qəbələ və Şamaxı-İsmayıllı seysmoaktiv zonalarında gələcəkdə gözlənilən zəlzələlərin mənfi təsirinin azaldımasına və göstərə biləcəyi təsirlərin qiymətləndirilməsinə xidmət edəcək.
Seminarın sonunda təklif olunub ki, bu istiqamətdə tədqiqatların birlikdə aparılması daha geniş və regional nəticələrə nail olmağa imkan yaradacaq.