AZƏRBAYCAN GİMNASTI SLOVENİYADA KEÇİRİLƏN YARIŞLARDA UĞURLA ÇIXIŞ ETMİŞDİR
Sloveniyanın Maribor şəhərində bədii gimnastika üzrə Dünya Kubokunun mərhələ yarışları keçirilmişdir. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, gürzlə finalda Aliyə Qarayeva rusiyalı Yevgeniya Kanayeva və ukraynalı Anna Bessonovadan sonra 3-cü yeri tutmuşdur.
Qalan finallarda Qarayevanın nəticələri belə olmuşdur: lentlə 4-cü yer, iplə 6-cı yer, halqa ilə 8-ci yer. Beləliklə idmançımız çoxnövçülükdə 71,05 xalla 5-ci olmuşdur. Digər gimnastımız Anna Qurbanova çoxnövçülükdə 13-cü yeri tutmuşdur.
Yunanıstanın Kalamata şəhərində keçirilən bədii gimnastika üzrə beynəlxalq turnirdə Zeynəb Cavadlı 28 iştirakçı arasında 10-cu olmuş, gürz və lentlə hərəkətlərdə finala çıxmış, yekunda 7-ci yeri tutmuşdur. Mükafata layiq yerləri isə Rusiya, ABŞ, Bolqarıstan və Gürcüstan gimnastları bölüşdürmüşlər.
Azərbaycan gimnastlarının iştirak edəcəyi növbəti yarış aprelin 17-20-də Portuqaliyanın Portiman şəhərində keçiriləcək Dünya Kuboku turniri olacaqdır. Turnirdə Aliyə Qarayeva ilə yanaşı, Zeynəb Cavadlı və Dinara Gimatova, habelə ölkəmizin Vəfa Hüseynova, Anna Bitiyeva, Valeriya Yeqay, Alina Tryopina və Anastasiya Prasolovadan ibarət qrup komandası, yeniyetmə gimnastlar Samirə Mustafayeva və Sabina Abbasova da iştirak edəcəklər.
Akrobatik gimnastika üzrə Bakı birinciliyində isə qadınlar arasında Bakı Gimnastika Məktəbinin (BGM) yetirmələri Afaq Məhərrəmova-Pərizad Quliyeva cütlüyü, qarışıq cütlərdə isə həmin klubdan olan Faiq Sultanov-Tamara Babakişiyeva çempion olmuşlar. Kişi cütlükləri arasında Nizami rayonu idman məktəbinin yetirmələri Emil Yarəhmədov-Elçin Məmmədov, kişi qrupları arasında Nahid Ağadadayev, Pərvin Pənahov, Adil Məmmədov və Ömər Seyidov fərqlənmişlər.