AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASININ KUBOKU UĞRUNDA BEYNƏLXALQ TURNİRİN AÇILIŞ MƏRASİMİ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, aprelin 29-da Bakı İdman sarayında Azərbaycan Güləş Federasiyasının (AGF) kuboku uğrunda sərbəst güləş üzrə gənclər arasında beynəlxalq turnirin açılış mərasimi keçirilmişdir.
Tədbirdə dövlət himni səsləndirilmişdir.
Açılış mərasimində Milli Olimpiya Komitəsinin vitse- prezidenti Xəzər İsayev, Azərbaycan Güləş Federasiyasınınn baş katibi Cavid Qurbanov və başqaları çıxış edərək idmançılara uğurlar arzulamışlar.
Bildirilmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında inkişafına təkan verilmiş bədən tərbiyəsi və idman sahəsindəki ənənələr bu gün layiqincə davam etdirilir. İdmançılarımız son illər ərzində bir çox beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil etmişlər. Bütün bunlar dövlətimizin başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmanın inkişafına diqqət və qayğısının nəticəsində mümkün olmuşdur.
Natiqlər vurğulamışlar ki, son vaxtlar idmanın bir çox sahələrində, xüsusilə də güləş idman növünün inkişafı istiqamətində mühüm nailiyyətlər qazanılmışdır. Ölkə Prezidentinin dəstəyi ilə respublikamızda tarixi ənənələri olan yunan-Roma və sərbəst güləş idman növləri son illər ərzində yenidən təşəkkül tapmışdır. Pəhləvanlarımızın Avropa miqyaslı yarışlarda uğurlu çıxışları və qazandıqları qələbələr Azərbaycanda bu idman növünün böyük gələcəyindən xəbər verir.
Azərbaycanın yalnız idman nailiyyətləri ilə deyil, həm də mötəbər yarışların təşkili sahəsindəki uğurları ilə də tanındığını diqqətə çatdıran natiqlər vurğulamışlar ki, 2007-ci ildə ölkəmizdə 36 beynəlxalq turnir keçirilmişdir. Artıq bir çox beynəlxalq idman qurumları dünya səviyyəli yarışların Azərbaycanda təşkilinə tərəddüd etmədən razılıq verirlər. Bu, Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul edilməsinin göstəricisidir.
Açılış mərasimində gənc ifaçılar geniş konsert proqramı ilə çıxış etmişlər.
Turnirdə Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, İran, Gürcüstan, Özbəkistan və İran idmançıları da mübarizə aparırlar.
Yarışda idmançılar 50, 55, 60, 66, 74, 84, 96 və 120 kiloqram çəki dərəcəsində mübarizə aparırlar.
######
![]() |
![]() |

