Azərbaycan güləşçiləri dünya çempionatında daha iki bürünc medal qazanıblar
Bakı, 27 avqust, AZƏRTAC
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən yeniyetmə güləşçilərin dünya çempionatında Azərbaycan yığması daha iki bürünc medal qazanıb.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildiriblər ki, çempionatın ilk iki günündə yunan-Roma güləşçiləri yarışıb. Ölkəmizi Fail İsgəndərov (42 kq), Zaur Nuriyev (46 kq), Xancavad Məcidzadə (50 kq), Elvin Mustafayev (54 kq), Məhəmmədəli Həsənov (58 kq), Ramin Cəfərov (63 kq), Ülvi Qənizadə (69 kq), Nəzərşah Fətullayev (76 kq), Uğur Hacılı (85 kq) və Camal Feyziyev (100 kq) təmsil ediblər.
Yarışın ilk günündə Azərbaycan güləşçilərindən Xancavad Məcidzadə bürünc medal qazanıb. Növbəti gün 42, 46, 69, 76 və 85 kq çəkidə yarışan yunan-Roma güləşçilərimiz 2 bürünc medalla sahib olublar.
Fail İsgəndərov ilk görüşdə İran güləşçisinə uduzub. Rəqibin finala çıxması ilə təsəlliverici görüşə qatılan güləşçimiz Türkiyə təmsilçisinə qalib gəlib və bürünc medal görüşünə haqq qazanıb. Həlledici görüşdə Meksika idmançısına da qalib gələn Fail İsgəndərov dünya çempionatının bürünc medalına yiyələnib.
Ülvi Qənizadə isə ilk görüşdə Rusiya idmançısına uduzub. Rəqibin finala yüksəlməsi ona bürünc medal şansı verib. Təsəlliverici görüşdə ardıcıl olaraq Qırğızıstan və Türkmənistan təmsilçilərinə qalib gələn Ülvi bürünc medal uğrunda görüşə çıxıb. Türkiyə güləşçisi üzərində gərgin keçən görüşdə qazandığı qələbə sayəsində təmsilçimiz mundialın bürünc medalına sahib olub.
Beləliklə, yarışın ilk iki günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz yeniyetmələrin dünya çempionatını 3 bürünc medalla başa vurublar.