İDMAN
Azərbaycan güləşçiləri dünya çempionatının ilk günündə üç qızıl medal qazanıblar VİDEO
Bakı, 6 avqust (AZƏRTAC). Xorvatiyanın paytaxtı Zaqrebdə gənclər arasında güləş üzrə dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, çempionatın ilk günündə 50, 60, 74 və 96 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizə aparıblar.
Mundialın ilk günündə Azərbaycanın dörd güləşçisi xalça üzərinə çıxıb və millimiz 3 medal qazanıb.
Çempionatda 50 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz İbrahim Nurullayev ermənistanlı Slavik Qalstyana, Koreya Respublikasından olan idmançı Kim Juhyeona, qazaxıstanlı Kanaqat Akilbekə qalib gələrək finala yüksəlib. İbrahim Nurullayev həlledici görüşdə Ukrayna təmsilçisi Aleksey Jabskiyi məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Elman Muxtarov (60 kq) da finaladək inamla irəliləyib. Güləşçimiz qırğızıstanlı Kali Sulaymanovu, belarus Yahor Beliakı, finlandiyalı Lauri Mahoneni və fransalı Yacin Ozayı məğlub edərək finala adlayıb. Güləşçimiz qızıl medal uğrunda mübarizədə Ermənistan idmançısı Karen Aslayan ilə üz-üzə gəlib və rəqibini məğlub edən Azərbaycan güləşçisi qızıl medala sahib olub.
Orxan Nuriyev (96 kq) mübarizəyə Çin təmsilçisi Abudurexiti Alimujiang üzərində qələbə ilə başlayıb. Aleksandr Kroczakı (Polşa), Yevgeni Gançevi (Bolqarıstan) və Feliks Baldaufdu (Norveç) üstələyən güləşçimiz finalda Koreya Respublikasından olan idmançı Kim Seungjuna qalib gələrək dünya çempionu adını qazanıb.