“AZƏRBAYCAN HAVA YOLLARI” DÖVLƏT KONSERNİ AVROPA ÖLKƏLƏRİNİN BİRLƏŞMİŞ AVİASİYA İDARƏSİNƏ ÜZV QƏBUL EDİLMİŞDİR
“Azərbaycan Hava Yolları” Dövlət Konserninin baş direktoru Cahangir Əsgərov müşavirədə iştirak etmişdir. Müşavirədə Azərbaycan Respublikası JAA-ya müşahidəçi qismində qəbul olunmuşdur. Beləliklə, Azərbaycanın Aviasiya Administrasiyasının Avropanın ən nüfuzlu mülki aviasiya qurumlarından birinə üzv olması prosedurunun birinci mərhələsi başa çatmışdır.
Avropa Komissiyası tərəfindən yeni mülki aviasiya institutunun – Uçuşların Təhlükəsizliyi üzrə Avropa Agentliyinin (EASA) yaradılması ilə əlaqədar, Avropa Ölkələrinin Birləşmiş Aviasiya İdarəsinin bütün əsas funksiyaları 2010-cu ilədək yeni yaradılmış təşkilata veriləcəkdir. Beləliklə, Azərbaycanın JAA-ya üzv olması ölkəmizin EASA üzvlüyünə qəbul olunmasının zəruri şərtidir.
X X X
Dekabrın 6-da İCAO-nun Avropa və Şimali Atlantika Bürosunun Parisdəki ofisində keçirilmiş ECAC (Mülki Aviasiya Məsələləri üzrə Avropa Konfransı) baş direktorlarının növbəti, 126-cı müşavirəsində Uçuşların Təhlükəsizliyi üzrə Avropa Agentliyi (EASA) və “Azərbaycan Hava Yolları” Dövlət Konserni arasında Avropa İttifaqının və Azərbaycan Respublikasının aeroportlarından istifadə edən hava gəmilərinin təhlükəsizliyinə dair məlumatların toplanması və mübadiləsi haqqında İşçi Saziş imzalanmışdır.
Buna bənzər işçi sazişlər Azərbaycanla yanaşı Avropa İttifaqına daxil olmayan bəzi Avropa dövlətləri ilə də imzalanmışdır. Avropa Ölkələrinin Birləşmiş Aviasiya İdarəsinin (JAA) nəzərdə tutulan transformasiyası və səlahiyyətlərinin yeni yaradılmış agentliyə verilməsi ilə əlaqədar Sazişin məqsədi 2002-ci ildə yaradılmış Uçuşların Təhlükəsizliyi üzrə Avropa Agentliyi (EASA) və dövlətlərin müvafiq aviasiya orqanları arasındakı münasibətləri daha da inkişaf etdirməkdən ibarətdir.